“Reytinq telekanallar üçün mədəniyyət və əxlaqdan üstün tutulur“


“Müasir dövrdə televiziya cəmiyyətin ən mühüm informasiya və mədəniyyət vasitələrindən biri olmalıdır. Lakin müşahidələr göstərir ki, efirlərimizdə mədəniyyət anlayışı arxa plana keçmiş, onun yerini şou xarakterli verilişlər, qalmaqallar və estetik dəyərlərdən uzaq təqdimatlar tutmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.

O bildirib ki, əslində, efirdə mədəniyyətin təbliği illərdir ki, məqsədli şəkildə arxa plana çəkilir: “Bunun nəticəsində tamaşaçılara mədəniyyət deyil, daha çox əxlaqsız davranış nümunələri, qanunlara hörmətsizlik, zərərli vərdişlərə təşviq kimi mənfi təsir göstərən məzmunlar təqdim olunur. Belə olan halda efir öz maarifləndirici funksiyasını itirərək, bir növ manipulyasiya vasitəsinə çevrilir.

Bu gün özəl telekanalların böyük bir hissəsində aparıcı seçimi də mədəniyyət meyarlarına deyil, sponsor dəstəyinə, şəxsi populyarlığa və reytinq gətirmə qabiliyyətinə əsaslanır. Bəzi hallarda sadə nitq mədəniyyəti olmayan şəxslərin aparıcılıq etməsi, cəmiyyət qarşısında kobud səhvlərə yol verməsi, ancaq buna baxmayaraq, efirdə qalmağa davam etməsi sistemin nəzarətsizliyini göstərir. Halbuki normal nəzarət mexanizmi mövcud olsaydı, belə hallara yol verilməzdi.

Təəssüf ki, bir çox hallarda xalqı təhqir edən, qalmaqal yaradan şəxslər yalnız qısamüddətli müzakirə obyekti olduqdan sonra yenidən efirə qaytarılır. Bunun əsas səbəbi isə reytinq məsələsidir. Çünki reytinq telekanallar üçün mədəniyyət, əxlaq və efir davranış kodeksindən daha üstün tutulur. Bununla belə, dövlət telekanallarında efir mədəniyyətinə ciddi riayət edən, peşəkarlığı ilə seçilən aparıcılar fəaliyyət göstərir. Özəl telekanallarda isə bu kimi nümunələr çox nadir hallarda müşahidə olunur. Əksər hallarda şou xarakterli verilişlərdə şoumenlərin və qalmaqal yaradan şəxslərin ön plana çəkilməsi efirin ictimai dəyərini azaldır. Nəticə etibarilə, televiziya efiri yalnız əyləncə vasitəsi deyil, həm də ictimai məsuliyyət daşıyan bir mədəniyyət məkanı olmalıdır. Əks halda, efirdə mədəniyyətin yoxluğu təkcə estetik problemlər yaratmır, həm də gələcək nəsillərin dəyərlər sisteminə mənfi təsir göstərir”.

Əlaqəli Xəbərlər