YAP Səbail rayon təşkilatında “5 oktyabr – Müəllimlər Günü” münasibətilə tədbir keçirilib


Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının təşkilatçılığı ilə “5 oktyabr – Müəllimlər Günü”nə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev müəllimlərin cəmiyyətdə əvəzsiz rolunu vurğulayıb: “İnsanları müəllimlər tərbiyə edir, onların tövsiyələri insanları formalaşdırır. Müəllimlər bizə bilik, dünyagörüşü və nümunəvi dəyərlər qazandırır. Hər birimizin qəlbində müəllimlərin zəhməti və təsiri əvəzsizdir. Müəllimlər bizə vətəni sevməyi, xalqına sədaqətlə xidmət etməyi öyrədir və onların verdiyi təlimlər gənclərin həyatında böyük rol oynayır”.

O, müəllimlərin verdiyi bilik və tövsiyələrin gələcək nəsillərin formalaşmasında xüsusi əhəmiyyət daşıdığını qeyd edib və bütün müəllimlərə təşəkkürünü çatdırıb.

Tədbirdə həmçinin Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Həşimova, AMEA-nın müxbir üzvü, 91-lərin nümayəndəsi Novruz Quliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Asəf Zamanov və Səbail rayon 6 saylı məktəbin müdiri Gülşən Orucova çıxış ediblər.

Novruz Quliyev çıxışında müəllimlik peşəsinin müqəddəs və şərəfli olduğunu vurğulayıb: “Bizim gələcəyimiz, dövlətimizin gələcəyi müəllimlərin fəaliyyəti ilə bağlıdır. Hər bir insan həyatında müəllimlərinin izlərini unutmur. Onların söylədikləri sözlər, verdikləri tərbiyə ömürlük yaddaşda qalır. Müəllimlik sadəcə bir peşə deyil, millətin gələcəyini formalaşdıran müqəddəs bir missiyadır”.

Tədbirdə bir qrup müəllim “Fəxri Fərman”la təltif olunub. Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Əlaqəli Xəbərlər