“Azərbaycan Prezidentinin Danimarkaya səfəri və bu səfər çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın diplomatik və xarici siyasət sahəsində yürütdüyü uğurlu siyasətin bariz nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
O bildirib ki, xüsusilə də Danimarkada keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə Toplantısında iştirakı, bu tədbir çərçivəsində Avropa liderləri ilə baş tutan yaxın və sıx təmaslar Azərbaycanın çoxşaxəli xarici siyasətinin əsas göstəricilərindəndir: “Bu görüşlərdə aparılan danışıqlar zamanı Azərbaycanın müəllifi olduğu iri neft-qaz layihələri, iqtisadi əməkdaşlıq və siyasi sahədə gələcək perspektivlər əsas müzakirə mövzusu olub. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfə ilə beynəlxalq diqqət mərkəzindədir.
Prezident İlham Əliyevlə Avropa liderləri arasında keçirilən səmimi görüşlər, dövlət başçısı haqqında səsləndirilən müsbət fikirlər və göstərilən hörmət Azərbaycan üçün böyük siyasi uğur hesab olunur. Avropa ölkələri ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və bu əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində atılan addımlar da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan hər zaman beynəlxalq əməkdaşlığa, xüsusilə də Avropa ilə münasibətlərin genişləndirilməsinə üstünlük verib.
Ölkənin əlverişli coğrafi mövqeyi, Orta Dəhlizin əsas iştirakçılarından biri olması, müəllifi olduğu Zəngəzur dəhlizi layihəsi çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin genişləndirilməsi bu siyasətin vacib tərkib hissəsidir. Bütün bu addımlar Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiqləyir. Hazırda isə ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan regionda yaratdığı yeni reallıqlarla Cənubi Qafqazın əsas güc mərkəzinə çevrilib. Bu reallıq artıq beynəlxalq ictimaiyyət, xüsusilə də Avropa və Qərb dairələri tərəfindən qəbul olunur”.