“Azərbaycanın iqlim müxtəlifliyi alternativ enerji sahəsində böyük perspektivlər təqdim edir“


“İqlim dəyişikliyi ilə bağlı müzakirələrdə tez-tez Xəzər dənizinin səviyyə dəyişmələri iqlim amilləri ilə izah edilir. Lakin mütəxəssislər artıq təsdiq edirlər ki, Xəzərin səviyyəsində baş verən bu dəyişikliklər yalnız iqlim dəyişikliyi ilə bağlı deyil, geoloji və hidroloji proseslərin təsiri nəticəsində formalaşır”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib.

O bildirib ki, qlobal iqlim dəyişiklikləri isə əsrlər ərzində baş verən təbii bir prosesdir və daha geniş miqyasda qiymətləndirilməlidir: “Son illərdə Atlantik okeanından gələn hava kütlələrinin təsiri nəticəsində müəyyən quraqlaşma müşahidə olunur. Bu baxımdan tükənməkdə olan ənənəvi enerji ehtiyatlarımızın alternativlərini müəyyənləşdirmək strateji əhəmiyyət kəsb edir. Azərbaycanın ərazisi əsasən mülayim iqlim qurşağında, bəzi bölgələrdə isə subtropik iqlim şəraitində yerləşir. Bu müxtəliflik həm kənd təsərrüfatı, həm də enerji potensialı baxımından geniş imkanlar açır.

Məsələn, Abşeron yarımadası şimaldan gələn hava kütlələrinin təsirinə açıq olduğuna görə burada mülayim iqlim xüsusiyyətləri formalaşır. Kür-Araz ovalığı, Ceyrançöl düzənliyi, Samur–Dəvəçi düzənliyi, Naxçıvan və Qarabağın bəzi əraziləri isə quru subtropik xüsusiyyətlərə malikdir. Burada günəş radiasiyası çox yüksəkdir – hər kvadrat santimetrə orta hesabla 120–150 kilokalori enerji düşür ki, bu da günəş enerjisinin istifadəsi üçün böyük imkanlar yaradır.

Digər tərəfdən Azərbaycanın çay sistemlərinin potensialı da diqqətəlayiqdir. Mingəçevir, Şəmkir və digər su elektrik stansiyaları məhz çay sularının yüksək potensial enerjisindən istifadə etməklə ölkənin enerji təminatında mühüm rol oynayır. Bundan əlavə, külək enerjisi və günəş radiasiyası kimi bərpa olunan enerji mənbələrinin genişləndirilməsi Azərbaycanın “yaşıl enerji” strategiyasını dəstəkləyir.

Nəticə etibarilə, Azərbaycanın iqlim müxtəlifliyi və təbii resursları ölkəyə alternativ enerji sahəsində böyük perspektivlər təqdim edir. Bu isə həm ekoloji tarazlığın qorunması, həm də enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”.

Əlaqəli Xəbərlər