“Bu sahədə əməkdaşlıq getdikcə dərinləşir”


“İtaliya-Azərbaycan münasibətləri Azərbaycanın müstəqilliyini bərpa etdiyi vaxtdan yəni 1990-cı illərin əvvəllərindən etibarən formalaşmağa başlayıb və bu günə qədər inkişaf edərək davam edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, bu münasibətlər dörd əsas strateji istiqamətdə qurulub:

“Birinci istiqamət siyasi əlaqələrin formalaşdırılmasıdır. Bu sahədə müstəqillikdən sonra başlanmış əməkdaşlıq bugün də yüksək səviyyədə davam edir. İkinci istiqamət iqtisadi əlaqələrin inkişafıdır. Xüsusilə Azərbaycan neft və qazının dünya bazarlarına çıxarılmasında İtaliya enerji bazarları bizim üçün önəmli tərəfdaşdır. Bununla yanaşı, digər iqtisadi sahələrdə də əməkdaşlığın genişləndirilməsi məqsəd kimi dayanır. Üçüncü istiqamət mədəni əlaqələrdir. Bu sahədə əməkdaşlıq da getdikcə dərinləşir. Xüsusilə təhsil sahəsində, İtaliya-Azərbaycan Universitetinin açılması, İtaliya prezidentinin Azərbaycana səfəri çərçivəsində bu sahədə irəliləyişlərin baş verməsi xüsusi qeyd olunmalıdır. Həmçinin mədəniyyət sahəsində qarşılıqlı səfərlər, tədbirlər, sərgilər bunlar mütəmadi olaraq həyata keçirilir.

Dördüncü istiqamət isə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıqdır. İtaliya ilə bu sahədə də müəyyən əlaqələr mövcuddur və zaman-zaman müdafiə təyinatlı məhsulların alış-satışı ilə bağlı məlumatlar mediada yer alır. Ticarət dövriyyəsinə gəldikdə isə, Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsi artıq 1 milyard dolları keçib və 2 milyard dollara doğru gedir. Bu, kifayət qədər ciddi iqtisadi əməkdaşlığın göstəricisidir. Eyni zamanda, enerji layihələri TANAP və TAP kimi mühüm layihələr İtaliya ilə olan əməkdaşlığın konkret nümunəsidir. TAP layihəsi vasitəsilə Azərbaycan qazı birbaşa İtaliya bazarına çıxarılır ki, bu da strateji əməkdaşlığın ən bariz göstəricilərindəndir. Bütün bunlar göstərir ki, İtaliya-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir. KOP29 çərçivəsində İtaliya Baş nazirinin iştirakı, Prezidentlərin qarşılıqlı səfərləri bu əlaqələrin nə qədər dərin olduğunu nümayiş etdirir. Eyni zamanda, Azərbaycanlı tələbələrin İtaliyada memarlıq, incəsənət və digər sahələrdə təhsil almaları mədəni əməkdaşlığın bir hissəsidir. Bütün bu faktorlar ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə zəmin yaradır”.

Əlaqəli Xəbərlər