İtaliya universitetləri tərəfindən təqaüd verilən daha 40-dək fələstinli tələbə və tədqiqatçı ölkəyə gətirilib. SİA xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 70 Fələstin sakinini daşıyan iki təyyarə bu gün İtaliyaya gəlib. Onlar Qəzza zolağından olan 39 fələstinli tələbə və tədqiqatçı, eyni zamanda, artıq İtaliyada olan qohumları ilə ailə qovuşmasını istəyən fələstinlilərdir.
“İtaliya universitetlərindən təqaüd alan gənc fələstinlilərin öz ölkələrini tərk edərək bura gəlməsinə imkan yaradan layihə “Universitet dəhlizləri” adlanır. Bu vaxtadək İtaliya universitetləri Qəzza zolağından olan 150-dən çox fələstinli tələbəyə təqaüd verib”, – deyə nazirliyin məlumatında qeyd olunub.