Ədliyyə Nazirliyi beynəlxalq konvensiyalar üzrə təlim təşkil edib


Ədliyyə Nazirliyi və Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının (BXHHK) Katibliyinin birgə təşkilatçılığı ilə təlim keçirilib. Bu barədə SİA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlim Azərbaycan Respublikasının 2023-cü ildə qoşulduğu 1965-ci il tarixli “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” Konvensiya və 2024-cü ildə qoşulduğu “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” 2007-ci il tarixli Konvensiyanın tətbiqi ilə bağlı praktik məsələlərin izahı məqsədilə təşkil olunub.

Təlimdə hakimlər, vəkillər, notariuslar, icra məmurları, eləcə də adıçəkilən konvensiyalar üzrə mərkəzi orqan funksiyasını həyata keçirən Ədliyyə Nazirliyinin nümayəndələri iştirak ediblər. BXHHK-nın peşəkar ekspertləri tərəfindən aparılan təlimə dinləyici qismində Qazaxıstandan gəlmiş nümayəndə heyəti də qatılıb.

Proqram çərçivəsində iştirakçılar beynəlxalq konvensiyaların tətbiqi üzrə nəzəri biliklər əldə etməklə yanaşı, praktiki məşğələlərdə də iştirak ediblər.

Üç gün davam edən təlimdə BXHHK-nın fəaliyyəti, iş proqramı ilə tanışlıq olub, alimentin tutulması ilə bağlı qərarların sorğu edilən dövlətlərdə icrası və tanınması məsələləri müzakirə edilib. Həmçinin bu sahədə informasiya texnologiyalarının tətbiqindən danışılıb, məhkəmə sənədlərinin təqdim olunması üzrə təqdimat keçirilib, göstərilən sahələr üzrə praktiki kazuslar həll edilib.

Təlimdən sonra Ədliyyə Nazirliyində Qazaxıstandan gəlmiş nümayəndə heyəti ilə görüş keçirilib, Konvensiyanın tətbiqi və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Əlaqəli Xəbərlər