“Hər mina Ermənistanın simasını göstərir”


“Qarabağın qısa bir zamanda tam bərpası və insanların öz doğma yurd-yuvalarına geri dönməsi Azərbaycan dövlətinin qarşısında duran əsas tapşırıqlardan biridir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, buna əngəl olan əsas məsələ isə zamandır: “Azərbaycan Prezidenti cənab İlham Əliyev də çıxışlarında dəfələrlə bildirib ki, bütün hədəflərimizə çatmaq üçün qarşımızda dayanan yeganə maneə məhz zamandır.

Ermənistanın mina bəlasını ölkəmizin başına gətirməsi isə bizi hədəflərimizdən yayındırmır. Əksinə, ərazilərimizdən çıxarılan hər bir mina Ermənistanın məkirli simasını bir daha göstərir. Hazırda işğaldan azad olunmuş torpaqlarda mina və partlamamış sursatların təmizlənməsi istiqamətində intensiv işlər aparılır. Bu prosesə yalnız yerli mütəxəssislər deyil, həm də xarici şirkətlər cəlb olunub. Türkiyə və İtaliya şirkətləri bu işdə Azərbaycana mühüm dəstək göstərirlər.

Şübhəsiz ki, əsas çətinlik bərpa-quruculuq işlərinin sürətinin zəifləməsidir. Minalı ərazilərdə hər hansı şəxsin iş görməsinə icazə verilmir. İnsan amili ən vacib amildir və buna görə də ilk növbədə torpaqlar qarış-qarış təmizlənir. Bu məqsədlə “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” dörd böyük şirkətlə ümumi dəyəri 17 milyon 816 min 592 manat olan müqavilə imzalayıb. Mina təhlükəsi olan ərazilərdə eyni zamanda çəpərlənmə işləri də həyata keçirilir.

Təkcə ötən ay 5622,9 hektar ərazi minalardan təmizlənib. Bu, olduqca böyük rəqəmdir. Burada söhbət yalnız tank və piyada əleyhinə minalardan getmir, həm də müxtəlif hərbi sursatların aşkarlanıb zərərsizləşdirilməsindən gedir ki, bu da həm zaman, həm də böyük maliyyə vəsaiti tələb edir.

İşğaldan azad olunmuş ərazilərə səfərlər zamanı qoyulan məhdudiyyətlərə isə birmənalı şəkildə əməl olunmalıdır. Bu, həm insanların həyatının qorunması, həm də bərpa işlərinin təhlükəsiz aparılması baxımından zəruri şərtdir”.

Əlaqəli Xəbərlər