44 Günlük Zəfər yürüşü zamanı torpaqlarımızın azad edilməsi üçün silaha sarılaraq canlarını fəda edən Hüseyn Qasımov, Elnur Quliyev və Araz Hilalovun anım günlərində məzarları ziyarət olunub. Müqəddəs amal uğrunda şəhadətə ucalan şəhidlərin şərəfli həyatından bir daha söhbət açılıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, şəhidlərin anım mərasimində ailə üzvləri ilə bərabər rayon icra hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar iştirak ediblər.
XXX
Qasımov Hüseyn Kamil oğlu 1984-cü il mayın 13-də Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub. Ermənilərin Azərbaycan torpaqlarına təcavüzü zamanı Hüseyn ailəsi ilə birlikdə məcburi köçkün olaraq Beyləqan rayonunun Qəhrəmanlı kəndində məskunlaşıb. Hələ azyaşlı vaxtlarından Vətən həsrəti ilə yaşayan Hüseyn gələcəkdə hərbçi olmağı qərara alıb. 2002-ci ildə həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollanıb. Tərxis olduqdan sonra Ağcabədi Dövlət Pedaqoji Kollecinin Bədən tərbiyəsi fakültəsinə qəbul olub. 2008-ci ildə həmin kolleci bitirib. Müəllim ixtisası olmasına baxmayaraq, Hüseyn 2010-cu ildə könüllü olaraq ordu sıralarına qayıdıb. 2016-cı il Aprel döyüşlərində şücaəti ilə seçilib. Hüseyn Qasımov Vətən müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə igidliklə vuruşub. Oktyabrın 2-də Cəbrayıl rayonu uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Beyləqan rayonu Qəhrəmanlı kənd qəbiristanlığında dəfn olunub.
Hüseyn Qasımov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Quliyev Elnur Eldar oğlu 1984-cü il iyulun 25-də Füzuli rayonunda anadan olub. 1993-cü ilin avqustunda Füzuli rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra Quliyevlər ailəsi Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində məskunlaşıb. 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) “Artilleriya” ixtisası üzrə ali təhsil alıb və ordu sıralarında zabit olaraq Vətən keşiyində dayanıb. Vətən müharibəsi zamanı Elnur Quliyev, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, Füzuli rayonu ərazisində olan “İlanlı” dağına Azərbaycan Bayrağını sancan birinci hərbçi olub. Döyüşlər zamanı Elnur Quliyev və tabor komandiri Orxan Əkbərov, həmçinin digər 4 döyüş yoldaşı qəhrəmancasına şəhid olublar. Elnur Quliyev Füzuli rayonu Bala Bəhmənli kənd qəbiristanlığında dəfn olunub.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, Elnur Quliyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.
Hilalov Araz Elburus oğlu 1979-cu il aprelin 1-də Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. 1997-ci ildə həqiqi hərbi xidmətə yollanıb. 1999-cu ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra mülki işdə çalışsa da, Vətən sevgisi Arazı yenidən ordu sıralarına qaytarıb. O, 2014-cü ildə könüllü olaraq Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəyə təyinat alıb və müddətdən artıq hərbçi kimi Vətənin keşiyində dayanıb. Araz 2016-cı il Aprel döyüşlərində iştirak edərək şücaəti ilə seçilib. Azərbaycan Ordusunun kiçik çavuşu olan Araz Hilalov Vətən müharibəsi zamanı düşmən cəbhəsinin yarılmasında və bir sıra yaşayış məntəqələrinin azad olunması uğrunda döyüşlərdə iştirak edib. Araz Hilalov oktyabrın 5-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Araz Hilalov ölümündən sonra lll dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.