“Qərbi Azərbaycanlı repressiya və soyqırımı qurbanlarının tədqiqi” layihəsinə yekun vurulub


“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Qərbi Azərbaycanlı repressiya və soyqırımı qurbanlarının tədqiqi” layihəsinin icrası başa çatıb. İctimai Birlikdən SİA-ya bildirilib ki, layihəyə Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) mətbuat və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yekun vurulub. Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də repressiya, soyqırımı və deportasiya qurbanlarının xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.

BAMF-nin qurucu sədri Umud Rəhimoğlu layihənin əhəmiyyətini vurğulayıb, Qərbi Azərbaycan torpaqlarında soydaşlarımıza qarşı törədilən soyqırımı və deportasiya hadisələri barədə danışıb.

Layihənin rəhbəri Tamxil Ziyəddinoğlu çıxışında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycan tarixindən ayrı salınmış Qərbi azərbaycanlı repressiya, soyqırımı və deportasiya qurbanlarını tədqiq etmək, gənc nəslin ata yurduna qayıdış ruhunu yaşatmaq olub. Layihə çərçivəsində bir sıra maarifləndirici və elmi tədbirlər keçirilib. İlk tədbir Zəngilanda şəhid Müşfiq Vəliyevin məzarını ziyarətlə başlayıb. Ardınca Laçın rayonunun Qarıkaha kəndində tənha şəhid məzarı ziyarət olunub, Qərbi Azərbaycanın Zəngəzur mahalından olan ziyalılarla görüşlər keçirilib.

Abşeron rayonunda təşkil olunan görüşlərdə Qərbi azərbaycanlı ziyalılar, gənclər və könüllülər iştirak ediblər. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində “Ölümü öldürənlər” sənədli filmi nümayiş olunub və erməni daşnaklarının Qərbi Azərbaycan türklərinə qarşı törətdiyi soyqırımı və deportasiyalar barədə tələbələrə ətraflı məlumat verilib.

Tədbir sual-cavab və açıq müzakirə şəraitində davam edib. AzTV və İTV-nin əməkdaşı Akif Cabbarlının “Biz o şəhərə qayıdacağıq” məqaləsindən sitat gətirən Tamxil Ziyəddinoğlu doğma torpaqlara qayıdış arzusundan danışıb.

Daha sonra “Zəngəzur Cəmiyyətləri” İctimai Birliyinin sədri tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlu, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Calalova, “Bütöv Azərbaycan” qəzetinin redaktoru İlham Məmmədli, Əməkdar jurnalist Azad Müzəffərli, yazıçı Azər Qismət, hüquqşünas Səməd Vəkilov, “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva, jurnalist Əntiqə Rəşid (Aslan) və AMEA Folklor İnstitutunun əməkdaşı, dosent “Şakir Albalıyev layihənin əhəmiyyətindən danışıblar.

Qeyd edilib ki, İctimai Birliyin “Dezinformasiyalar təhlükəsizliyimizə təhdiddir” və “Hərə bir əsgər, hər ev bir səngər” kimi layihələri də işğal dövründə vacib ictimai missiya yerinə yetirib. “Qərbi Azərbaycanlı repressiya və soyqırımı qurbanlarının tədqiqi” layihəsi isə milli yaddaşın bərpası baxımından xüsusi əhəmiyyət daşıyır.

Layihə rəhbəri, həmçinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevaya və Prezident Administrasiyasının QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevə mənəvi və təşkilati dəstəyə görə təşəkkür edib.

Sonda layihənin icrasına dəstək göstərən Fikrət Orucov, Misir Aslanov və Vahid Gülmalıyev “Vətənoğlu” Fəxri Diplomu ilə təltif olunublar. “Güllə səsinə açılan qapı” kitabı BAMF kitabxanasına və tələbə-jurnalistlərə hədiyyə edilib. Rəssam Firdovsi Hacıyev isə çəkdiyi əsgər portretini Hərbi Jurnalistlərə təqdim edib.

Əlaqəli Xəbərlər