Regionlarda qadınların əmək hüquqlarının təşviqinə dair maarifləndirici tədbirlərə start verilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) və nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən işəgötürənlər üçün “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar, bərabər imkanlar” mövzusunda maarifləndirici tədbirlərə start verilib. Bu barədə SİA-ya DƏMX-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlər “Əmək və məşğulluq” (ƏMAS) altsistemində aparılmış təhlillər əsasında iqtisadi fəaliyyət növləri üzrə qadınların nisbətən az təmsil olunduğu müəssisələrdə çalışan işəgötürənlərin iştirakı ilə keçirilir.

İlk maarifləndirici görüş Xaçmazda təşkil olunub. Tədbirdə nazirliyin və onun tabeliyindəki qurumların nümayəndələri, ictimai birliklərin təmsilçiləri, eləcə də DƏMX-in Quba-Xaçmaz regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektora aid müəssisə və təşkilatları təmsil edən 60-dan çox şəxs iştirak edib.

Görüşdə sahə üzrə beynəlxalq təhlillərin nəticələri, əmək qanunvericiliyində son illərdə həyata keçirilən islahatlar, DƏMX tərəfindən bu istiqamətdə mütəmadi təşkil olunan maarifləndirmə tədbirlərinin əhəmiyyəti, Əmək Məcəlləsi və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda nəzərdə tutulan güzəştlər, imtiyazlar və əlavə təminatlar, eləcə də DMA-nın işəgötürənlər üçün təqdim etdiyi xidmətlər barədə iştirakçılara ətraflı məlumat verilib.

Tədbirdə, həmçinin Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatı haqqında da məlumat verilib.

Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Əlaqəli Xəbərlər