“Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü mühüm tarixi hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, hazırda bu dinamik inkişaf edən və hər keçən gün beynəlxalq nüfuzu artan təşkilat getdikcə beynəlxalq münasibətlər sistemində qlobal aktorlardan birinə çevrilməkdədir: “Azərbaycan Prezidenti Şurada keçirilən beynəlxalq konfrans zamanı bildirmişdi ki, “Biz Türk Dövlətləri Təşkilatı ilə birlikdə yeni dünya nizamında güc mərkəzlərindən biri ola bilərik. Mənə elə gəlir ki, zirvə görüşündə regional sülhü, əməkdaşlığı və təhlükəsizliyi müzakirə edən liderlər məhz bu istiqamətdə müvafiq institusional mexanizmlərin hazırlanması ilə bağlı qərarlar qəbul edəcəklər. Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən Zirvə Görüşünün əsas gündəmi – sülh və təhlükəsizlikdir. Bu gün dünyanın ən çox ehtiyac duyduğu dəyər sülhdür. Sülhə aparan yol isə iqtisadi inteqrasiya, rifah və təhlükəsizlikdən keçir. Tarixən bizə məxsus olan Böyük Türk dünyasının coğrafiyasında – Dunay çayı hövzəsinə qədər uzanan və dövlət qurmaq bacarığı olan əcdadlarımızın bizə miras qoyduğu geniş torpaqlarda bu gün sülhə böyük ehtiyac var. Bu isə öz növbəsində Türk Dövlətləri Təşkilatının qarşısında tarixi bir məsuliyyət və çağırış yaradır. Mən inanıram ki, 2009-cu ildə Naxçıvanda yaradılmış bu təşkilat, növbəti mərhələdə öz missiyasını yeni dünya nizamında layiqincə yerinə yetirməyi bacaracaq”.