“Azərbaycan Respublikası müharibə zamanı bir sıra problemlərlə üzləşdi. Amma onlardan ən dəhşətlisi ondan ibarətdir ki, mənfur düşmən ölkəmizin böyük ərazilərində milyondan artıq mina və partlayıcı qurğu yerləşdirib. Demək olar ki, müharibə bitsə də, Ermənistanın mina terroru Azərbaycan xalqına qarşı hələ də qüvvəsini saxlayır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, bu, tamamilə yolverilməz bir haldır və Azərbaycan bu məsələ ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara, aidiyyəti qurumlara müraciət edib: “Təəssüf ki, necə ki, işğal dövründə beynəlxalq ictimaiyyətdən ciddi reaksiya və təzyiq görmədik, eləcə də mina məsələsində də eyni vəziyyət müşahidə olunur. Cüzi yardımlar olsa da, əsas yük yenə Azərbaycanın üzərinə düşür.Mina təmizləmə prosesi olduqca çətin və məsuliyyətli bir işdir. Bu prosesdə xüsusi texnika və sursatlardan istifadə olunur. Həmin avadanlıqlar həm baha, həm də çətin əldə ediləndir. Bundan əlavə, bu texnikanı idarə edəcək peşəkar kadrların hazırlanması da həm vaxt, həm də maddi resurs tələb edir. Buna baxmayaraq, Azərbaycan bu işi öz gücü ilə həyata keçirir və bu sahədə də dünya birliyinin ikili standartlarının şahidi oluruq. Halbuki Azərbaycan həm müharibədən zərərçəkmiş ölkədir, həm də 20 faiz ərazisi dağıdılmış vəziyyətdə geri qaytarılıb. Bu torpaqların bərpası isə yalnız minalardan tam təmizlənməsi ilə mümkündür.
Burada vətəndaş məsuliyyəti xüsusilə önəmlidir. İnsanlar təmizlənməmiş ərazilərə daxil olmamalıdırlar, çünki minalı zonalara girmək ölümlə nəticələnə bilər. Təəssüf ki, bəzi hallarda xəbərdarlıqlara baxmayaraq, insanlar özbaşına bu ərazilərə daxil olur və nəticədə həyatlarını və ya sağlamlıqlarını itirirlər.
Ən böyük dəstək və yardım vətəndaşların təmkinli və məsuliyyətli davranmasıdır. Belə olarsa, minatəmizləmə işlərini aparan mütəxəssislər öz vəzifələrini daha rahat və təhlükəsiz şəkildə həyata keçirə bilərlər. Çünki bu, son dərəcə dəqiqlik və diqqət tələb edən bir prosesdir və hər bir ehtiyatsızlıq faciəyə səbəb ola bilər.
Eyni zamanda, qardaş türk dövlətlərinin də bu məsələdə Azərbaycana dəstək verəcəyinə böyük ümid bəslənilir. Onlar bu çağırışları eşidiblər və Azərbaycanın hansı çətinliklərlə üzləşdiyini yaxşı bilirlər. Bu birliyimiz və həmrəyliyimiz, şübhəsiz ki, ölkəmizin mina bəlasından tezliklə xilas olmasına töhfə verəcək”.