“II Azərbaycan Halal Biznes Forumu Azərbaycan Respublikasının gözəl şəhərində keçirilir. İlk növbədə, Azərbaycan Hökumətinə, xüsusilə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA), CESREC və CIMIC təşkilatlarına bu forumun yüksək səviyyədə təşkilinə və onun uğurla keçirilməsi üçün yaradılmış şəraitə görə dərin minnətdarlığımı bildirirəm. Həmçinin foruma qatılan bütün iştirakçıları səmimiyyətlə salamlayıram. Sizin iştirakınız bu tədbiri daha da mənalı və əlamətdar edir”. SİA xəbər verir ki, bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi, Səudiyyə Ərəbistanını təmsil edən dr.Saleh Əl-Suhan 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu forumun keçirilməsi regionda və dünyada halal sənayesinin inkişafı baxımından mühüm hadisədir: “Biz burada yalnız Azərbaycanın deyil, bütövlükdə regionun halal sənayesinin gələcəyinin formalaşmasına töhfə veririk. Ötən il Bakıda keçirilmiş ilk forum uğurlu başlanğıc oldu. Bu gün isə həmin təşəbbüsün daha geniş miqyasda davam etdiyini görürük. Bu, təşkilatçı komandanın peşəkarlığının və uzaqgörənliyinin göstəricisidir”.
Dr. Saleh Əl-Suhan vurğulayıb ki, “halal” anlayışı artıq yalnız dini bir məfhum deyil, qlobal bir keyfiyyət və etika simvoluna çevrilib: “Halal brendi bu gün dünyada saflığın, keyfiyyətin və məsuliyyətli istehsalın göstəricisidir. SESRI-nin məlumatına görə, halal sənayesi son illərdə 47 faiz artım nümayiş etdirib. 2014-cü ildə 3,2 trilyon ABŞ dolları olan bazar dəyəri 2020-ci ildə 4,7 trilyon dollara yüksəlib və bu artım dinamikası davam edir”.
O əlavə edib ki, halal sənayesi yalnız 1,9 milyard müsəlman üçün deyil, bütün bəşəriyyət üçün geniş iqtisadi imkanlar yaradır: “Bu gün halal iqtisadiyyatının inkişafı dayanıqlı və inklüziv böyümənin əsas amilinə çevrilib. Bu baxımdan, hökumətlər, biznes strukturları və cəmiyyətlər arasında daha sıx əməkdaşlıq mühüm əhəmiyyət daşıyır”.
İƏT rəsmisi həmçinin yüksək texnologiyalar və rəqəmsal iqtisadiyyatın halal sənayesinə inteqrasiyasının zəruriliyini vurğulayıb: “Biz rəqəmsal dövrün çağırışlarına uyğunlaşmalı, gənc sahibkarların və etik liderlərin yetişdirilməsinə sərmayə qoymalıyıq. Yalnız bu halda halal sənayesi həm iqtisadi, həm də mənəvi baxımdan dayanıqlı inkişafın nümunəsinə çevriləcək”.
Dr.Saleh Əl-Suhan çıxışının sonunda bildirib ki, “halal prinsiplərinə əsaslanan iqtisadi model yalnız ədalətli deyil, həm də gələcək nəsillərin rifahını təmin edən sistemdir”, və forumun bu istiqamətdə yeni əməkdaşlıq imkanları yaradacağına inamını ifadə edib.