Oktyabrın 5-də Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Çexiya Respublikasının paytaxtı Praqa şəhərindəki “Křížovnické náměstí” (“Xaçlı Meydanı”) meydanında “Qaçqınların öz vətənlərinə repatriasiyası: Avropa təcrübəsi” layihəsi çərçivəsində sərgi keçirilib. Bu barədə təşkilatın mətbuat xidmətindən SİA-ya daxil olan məlumatda deyilir ki, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev keçirilən bu tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, sərginin mövzusu repatriasiya — xaricdəki şəxslərin, o cümlədən hərbi qulluqçuların, ekspatların, qaçqınların, miqrantların, sığınacaq axtaranların könüllü və ya məcburi şəkildə mənşəcə olduğu öz yerlərinə və ya vətəndaşlıqları olduğu ölkələrinə qayıtması ilə bağlı olduğundan çox maraqlı alınıb.
Sədrin sözlərinə görə, sərginin əsas məqsədi də, deportasiya ilə bağlı sənədləri dünya ictimaiyyətinə çatdırmaqdan, həmçinin vandalizm və mədəni irsə qarşı hücumlar mövzusunda Praqa sakinlərinə və turistlərə ətraflı məlumat təqdim etməkdən ibarət olub.
“Layihənin əsas hədəfi isə, qaçqınların öz yurdlarına qayıdışı ilə bağlı beynəlxalq təcrübəni öyrənməyə, onların hüquqlarının müdafiəsi və məskunlaşdıqları ölkələrdə qarşılaşdıqları problemlərin həlli istiqamətində tövsiyələr verməyə istiqamətlənib”, — sədr xüsusi olaraq vurğulayıb.
Məlumata görə, bu sərgidə deportasiya ilə bağlı ingilis və çex dillərində hazırlanmış bukletlər, döş nişanları, Azərbaycan və Çexiya bayraqları, roll-up stendləri, kitab və kitabçalar nümayiş olunub. Xüsusilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadənin illərlə qoruyub, saxladığı Qərbi Azərbaycanla bağlı sərgi materialları böyük maraqla qarşılanıb. Həmçinin Azərbaycan Milli Kulinariya Mərkəzinin sabiq Baş direktoru Tahir Əmiraslanovun kitabları sərgi ziyarətçiləri tərəfindən xüsusi diqqətlə izlənilib.
Sərgini ziyarət edən qonaqlar arasında “Mədəniyyətlərarası Həyat üzrə Beynəlxalq İnnovativ Mərkəz – ‘Dünyanın Xalqları Alyansı’”nın rəhbəri Dr. Aleksandr Şapiro Suliman, onun dostu – Çexiyanın 2022–2023-cü illərdə təhsil naziri olmuş Vladimír Balaš, həmçinin Çexiya parlamentinin keçmiş senat üzvü Marcel Chládek də iştirak ediblər. Tədbirin keçirilməsində bir çox QHT-lər, xüsusilə Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni yaxından iştirak ediblər. Çexiyada fəaliyyət göstərən “Land of Fire” diaspor təşkilatının təsisçisi və Azərbaycan Diasporunun Şərqi Avropa Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru Fərid Əmirəliyev, o cümlədən diaspor fəalları Murad Sadıqov, Rəşid Şıxəliyev, İmam Əzizov, Əli Ələşrəfov və digər gənclər də layihənin daha faydalı və səmərəli həyata keçirilməsinə hərtərəfli dəstək göstəriblər.
Verilən məlumatda o da qeyd olunur ki, sərgi zamanı maraqlı bir məqam da yaşanıb. Özlərini turist kimi təqdim edən iki nəfər erməni sərgiyə xüsusi bir maraq göstərib. Onlar fürsətdən istifadə edərək, sərgini izləməyə gələn qonaqlara Azərbaycan və xüsusilə Qərbi Azərbaycan haqqında yalan məlumatlar verməyə çalışıblar. Onlar Qərbi Azərbaycanın guya ermənilərə məxsus olduğunu və onların “öz torpaqlarından” — Dağlıq Qarabağdan qovulduqlarını bildiriblər. Onların bu cəhdlərinin qarşısı Beynəlxalq Diaspor Mərkəzinin fəalları və soydaşlarımız tərəfindən qətiyyətlə alınıb.
BDM-in Praqada keçirdiyi bu sərgi uğurla yekunlaşıb. Sonda iştirakçılar xatirə şəkilləri çəkdiriblər. Layihə çərçivəsində görüşlər və tədbirlər növbəti günlərdə də davam etdirilib.