“Qida əlavələrinin istehsalı insan sağlamlığına iki yolla təsir göstərir. Onlardan biri — təbii mənbələrdən, təbii yollarla ekstraksiya və sonrakı texnoloji emal vasitəsilə; digəri isə kimyəvi sintez yolu ilə təbii qida əlavələrinin əldə olunmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında qida eksperti Elsəvər Fərzəliyev deyib.
Onun sözlərinə görə, təbii texnoloji üsullarla əldə edilən qida əlavələrinin qida məhsullarına əlavə edilməsi, onların insan orqanizminə müsbət təsir göstərməsi və müəyyən tələbatları ödəməsi normal və qəbulolunan sayılır: “Lakin kimyəvi sintez yolu ilə əldə edilən qida əlavələri — o cümlədən proteinlər, protein tozları, qida boyaları, tatlandırıcılar (şirinləşdiricilər), aromatizatorlar və digər sintetik əlavələr — insan orqanizminə zərərli təsir göstərə bilər. Bunun səbəbi ondan ibarətdir ki, bir çox hallarda orqanizm bu əlavələri qəbul edə bilmir, onlar bədənə balast maddə kimi daxil olub orqanizmdən xaric olunur. Bəzi hallarda isə bu maddələr müəyyən xəstəliklərin yaranmasına şərait yaradır. Həmçinin, belə əlavələr orqanizmin maddələr mübadiləsinə daxil olmadığı üçün əlavə enerji sərfiyyatına səbəb olur və nəticədə orqanizmin zəifləməsinə gətirib çıxarır.
Qida əlavələrinin təbii mənbələrdən əldə olunması isə daha məqsədəuyğun və tövsiyə edilən üsuldur. Hazırda bu istiqamətdə aparılan elmi-tədqiqat işlərinin nəticələri göstərir ki, təbii mənbələrdən qida əlavələrinin istehsalı mümkündür və bu, insan sağlamlığı baxımından daha təhlükəsiz hesab olunur”.