“Sülhə gedən yolda Ermənistanın qarşısında əsas duran məsələ referendum məsələsidir, yəni konstitusiya dəyişikliklərinin baş tutmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, ilkin mərhələdə Paşinyanın əsas hədəfi cəmiyyəti buna səfərbər etməkdir:
“Əgər Paşinyan bunu bacarsa, bunun üçün həm vaxt, həm də maliyyə resursları lazım olacaq. O, bu səfərbərliklə nəticəyə nail olarsa, sülhə gedən yolda ciddi problem qalmaz. Ermənistanın Azərbaycandan müəyyən gözləntiləri də var. Onların əsas istəyi budur ki, Azərbaycan onlara bu dəyişikliklər üçün zaman tanısın. Amma bu zaman tanımaq, sülh prosesini ləngitmək və uzaqlaşdırmaq deməkdir. Azərbaycanın mövqeyi isə aydındır. Ermənistan bu məsələdə nə qədər sürətli və qətiyyətli addım atacaqsa, bir o qədər tez nəticə əldə oluna bilər. Paşinyan komandasının gözləntisi də budur. Azərbaycanın gözləntisi konkret nəticələrin ortaya çıxması, Ermənistanın real sülh mövqeyinə gəlməsidir. Ancaq Ermənistanın bu prosesi nə dərəcədə səmimi və sonadək davam etdirəcəyi hələ ki, sual altındadır. Digər tərəfdən, Ermənistan beynəlxalq vəziyyəti də gözləyir. Çünki Rusiyanın durumu qeyri-müəyyəndir. Rusiya qalib gələcəkmi, bu bölgəyə təsiri olacaqmı – bu sualların cavabı hələ bəlli deyil. Beləliklə, Ermənistan həm daxili, həm də xarici şəraitin necə formalaşacağını gözləyir və qərarlarını da buna uyğun verməyə çalışır”.