“Türk Dövlətləri Təşkilatı 3 oktyabr 2009-cu ildə Naxçıvanda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan tərəfindən yaradılıb. Sonradan bu təşkilata Özbəkistan da tamhüquqlu üzv kimi qoşulub. Türkmənistan, Macarıstan və Şimali Kipr isə müşahidəçi üzvlər kimi tədbirlərdə iştirak edirlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, əvvəlcə təşkilatın əsas məqsədi regional əməkdaşlıq və iqtisadi əlaqələrin inkişafı idi, lakin zaman keçdikcə bu təşkilat strateji əhəmiyyət kəsb etməyə başlayıb: “Bildiyimiz kimi, bu gün dünyada yeni nizam qurulur, böyük güclər arasında münaqişələr baş verir və bu proseslər nəticəsində dünya yeni bir formatda formalaşmağa başlayır. Bu proseslərdə Türk Dövlətləri Təşkilatının da öz layiqli yeri olacaq. Çünki bu birliyə daxil olan ölkələrin böyük əhalisi var (200 milyona yaxın) və geniş ərazilərə malikdirlər. Eyni zamanda, bu ölkələr təbii sərvətlərlə zəngindirlər – 26-dan çox yerüstü sərvətlərə sahibdirlər.
Azərbaycan Prezidenti də 2024-cü il prezident seçkilərindən sonra andiçmə mərasimində “Bizim bir ailəmiz var, Türk ailəsi” deməklə bu istiqamətin strateji olduğunu bəyan etmişdi. Prezidentin Orta Asiya ölkələrinə – Qazaxıstana, Özbəkistana, Qırğızıstana və Türkmənistana etdiyi səfərlər, mühüm sənədlərin imzalanması və eyni zamanda Türkiyə ilə əlaqələrin daha da güclənməsi Türk Dövlətləri Təşkilatını beynəlxalq arenada güclü aktora çevirir. Qəbələdə keçirilən bu 12-ci Zirvə Görüşündə liderlərin yeni bəyannaməsi gözlənilir. Ehtimal olunur ki, burada təkcə iqtisadi yox, həm də strateji və hərbi tərəfdaşlıqla bağlı sənədlər qəbul ediləcək. Çünki dünyada gedən münaqişələr göstərir ki, Türk dövlətləri bir-birinə dəstək verməli, ərazi bütövlüyünü və təhlükəsizliyini birgə təmin etməlidirlər”.