“Zəngəzur dəhlizinin əhəmiyyəti yalnız iqtisadi deyil,…”


“Zəngəzur dəhlizi regional geosiyasi balanslara ciddi təsir göstərir. Əvvəlcə qeyd edək ki, artıq Cənubi Qafqazda Zəngəzur dəhlizi ilə bağlı yeni geosiyasi reallıq yaranıb. 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi və sonrakı antiterror əməliyyatı Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradıb. Bu, Zəngəzur dəhlizinin açılması ilə bağlı beynəlxalq güc mərkəzlərinin mövqeyini dəyişdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Cəbrayılov deyib.

Onun sözlərinə görə, əvvəllər bu dəhlizi “qırmızı xətt” sayan bəzi dairələr artıq onu təhlükə kimi görmür. Bu isə göstərir ki, əvvəllər təhlükə kimi təqdim edilən məsələlər əslində bəhanə idi:

“10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndində qeyd olunur ki, regionda bütün iqtisadi və nəqliyyat əlaqələri açılmalı və təhlükəsiz daşımalar təmin olunmalıdır. Avqust ayında Azərbaycanla ABŞ arasında imzalanmış strateji sənədlər, eləcə də Ermənistan, Azərbaycan və ABŞ arasında bağlanan üçtərəfli bəyanat və orada göstərilən “Tranzit marşrutu”nun dəstəklənməsi bu yeni reallığın beynəlxalq səviyyədə təsdiqi deməkdir. Daimi və qısa yol əlaqəsi: Azərbaycanın Naxçıvanla davamlı, daha ucuz və daha qısa bir quru əlaqəsi yaranır. Bu, artıq texniki olaraq işlək imkan deməkdir və ölkənin suveren əraziləri arasında birbaşa bağlantı təmin olunur. Hazırda dünyada geosiyasi tektonik dəyişikliklər baş verir, yeni güc mərkəzləri formalaşır. Zəngəzur dəhlizi isə Avroatlantik və Avrasiya geosiyasi platformaları arasında yerləşən dinamik və strateji bir ərazidir. Bu da bölgəni regional və qlobal güc mərkəzləri üçün daha da önəmli edir. ABŞ-ın bu prosesdə aktiv iştirakı, onun Cənubi Qafqazda, xüsusilə də Zəngəzur dəhlizində rol alması regiondakı geosiyasi qeyri-müəyyənliklərin azalmasına gətirib çıxarır. Artıq bəzi regional qüvvələr anlayır ki, onların qarşısında yalnız Azərbaycan deyil, eyni zamanda ABŞ kimi qlobal güc var.

Bu dəhlizin açılması yalnız regional deyil, qlobal iqtisadi və nəqliyyat əlaqələrinin inkişafına da xidmət edir. Azərbaycan bu məsələdə həm ABŞ, həm də Çin ilə strateji müttəfiqlik çərçivəsində paralel şəkildə əməkdaşlıq edir. Bu, dünyada rəqabətdə olan iki böyük gücün – ABŞ və Çinin – Cənubi Qafqazda bir növ yaxınlaşmasına, maraqlarının uzlaşdırılmasına şərait yaradır.

Zəngəzur dəhlizinin açılması regional geosiyasi balanslara müsbət təsir göstərəcək. ABŞ, Avroatlantik məkan və Türkiyənin maraqları Azərbaycan vasitəsilə Cənubi Qafqazda təmsil olunacaq. Bu da bölgənin sabitliyi və inkişafı baxımından çox ciddi perspektivlər vəd edir. Bu dəhliz Azərbaycan üçün mühüm iqtisadi gəlirlər və layihə üstünlükləri vəd edir. Xüsusilə nəqliyyat və logistika sahəsində gəlirlər artır.

Azərbaycanın əsas prioritetlərindən biri olan kommunikasiya yollarının şaxələndirilməsi bu dəhliz vasitəsilə daha da genişlənir. Bu, təkcə neft sektoru deyil, qeyri-neft sektorunda da ixracın şaxələndirilməsinə və regional bazarlara çıxışın sürətlənməsinə şərait yaradır. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə, strateji mövqeyini daha da möhkəmləndirir. Zəngəzur dəhlizi Azərbaycanın Türk Dövlətləri Təşkilatı və türk dünyası ilə birbaşa quru əlaqəsinin yaranmasına imkan yaradır. Orta Asiya ilə Türkiyə arasında birləşdirici rol oynayır.

Azərbaycan-Çin strateji tərəfdaşlığı çərçivəsində dəhlizlə daşınan yüklər üçün yeni alternativ yol formalaşır. Bakı-Tbilisi-Qars dəmir yolu ilə hədəf olunan daşımaları tam təmin etmək mümkün olmadığından, Zəngəzur dəhlizi bu boşluğu doldurur. Nəticə olaraq, Zəngəzur dəhlizinin əhəmiyyəti yalnız iqtisadi deyil, həm də geosiyasi, geo-iqtisadi və strateji aspektlər baxımından Azərbaycan üçün çox böyük üstünlüklər yaradır”.

Əlaqəli Xəbərlər