“Ərazilərin minalanması qayıdış prosesinə, vətəndaşlarımızın öz el-obasına qayıtması prosesinə ciddi problem yaradır, mənfi təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, Azərbaycan hal-hazırda iki istiqamətdə minalardan təmizləmə işlərini həyata keçirir. Biri mülki təyinatlıdır, digəri isə hərbi təyinatlıdır – paralel olaraq həyata keçirilir: “Yəni, hərbi strukturlar bu istiqamətdə fəaliyyət göstərir. Bizim Azərbaycan Ordusu, Silahlı Qüvvələrinin bütün qoşun növləri, demək olar ki, həmin ərazilərdə yerləşənlər bu mina təmizləmə işlərinə cəlb olunublar. Həmçinin ANAMA – yəni Mina Təmizləmə Milli Agentliyi bu prosesləri həyata keçirir. Konkret hansısa hərbi texniki avadanlıq haqqında danışmaq, hesab edirəm ki, o qədər də vacib deyil. Lazım olan bütün tədbirlər həyata keçirilir. Çünki minalardan təmizləmə prosesi elədir ki, bir göz qırpımında bunu tam həyata keçirtmək mümkün deyil və bunun üçün elə bir universal avadanlıq da yoxdur. Böyük bir hissəsi, xüsusən dağlıq və meşəlik ərazilərə düşdüyü üçün bu iş birbaşa əl əməyi ilə aparılır. Yəni birmənalı olaraq hansısa texnoloji vasitə bu prosesi tam həyata keçirə bilmir. Əl əməyi bu işdə əsas rolu oynayır”.