Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir olub. İşçi Qrupundan SİA-ya verilən məlumata görə, Balakən rayonunda təşkil olunan tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq, narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədini daşıyıb.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Komissiyasının sədri, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, Balakən Rayon Təhsil sektorunun müdiri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala Regional bölməsinin nümayəndəsi, rayon polis şöbəsinin və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Çıxışlarda narkomanlığa qarşı mübarizə üsulları barədə təqdimat formatında interaktiv təlim təşkil olunub, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı sosial və tibbi problemlər, onların törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, həmçinin mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri barədə ətraflı məlumat verilib. Narkotik maddələrin xüsusiyyətləri, insan orqanizminə və psixoloji sağlamlığa zərərli təsirləri izah edilib. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaqolmanın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib.
Sonda İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.