“Ermənistan sülhə doğru addım atmaq üçün real seçim qarşısındadır”


“Sülhə gedən yolda Ermənistanı bir sıra ciddi sınaqlar və strateji seçimlər gözləyir. Real vəziyyət ondan ibarətdir ki, hazırda regionda yeni geosiyasi reallıqlar formalaşıb və bu prosesin əsas istiqamətverici qüvvəsi Azərbaycandır. 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra yaranan şərait, Cənubi Qafqazda güc balansını tam şəkildə dəyişib. Ermənistan artıq əvvəlki kimi regional proseslərə diktə edən deyil, bu proseslərə uyğunlaşmaq məcburiyyətində qalan tərəfdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, əgər Ermənistan doğrudan da sülhə can atırsa, ilk növbədə, qonşularının ərazi bütövlüyünə hörmət göstərməli, əsassız ərazi iddialarından imtina etməli və öz konstitusiyasında Azərbaycan ərazilərinə yönəlik iddiaları aradan qaldırmalıdır. Hazırda sülh danışıqlarında əsas maneə məhz bu məsələlərlə bağlı Ermənistan tərəfinin qeyri-səmimi davranışıdır: “Digər mühüm amil isə Ermənistanın xarici siyasətindəki ziddiyyətlərdir. Rəsmi İrəvan bir tərəfdən Qərbə inteqrasiya etmək istədiyini bildirir, digər tərəfdən Rusiya ilə hərbi ittifaqdan tam çıxmağa cəsarət etmir. Bu ikili siyasət sülh prosesini uzadır və regionda gərginliyin qalmasına səbəb olur. Halbuki, real və davamlı sülhün bərqərar olması üçün Ermənistan aydın, praqmatik və milli maraqlara əsaslanan siyasət yürütməlidir.

Sülh sazişinin imzalanması Ermənistan üçün həm iqtisadi, həm də siyasi baxımdan yeni imkanlar aça bilər. Zəngəzur dəhlizinin reallaşması, regiondaxili ticarət yollarının açılması və kommunikasiya əlaqələrinin bərpası Ermənistanı uzun illər davam edən təcriddən çıxara bilər. Amma bunun üçün İrəvan real addımlar atmalı, revanşist qüvvələrin təsirindən qurtulmalıdır. Ermənistanın qarşısında iki yol var: ya keçmişin səhvlərini təkrarlayıb, qapalı, iqtisadi cəhətdən zəif və siyasi baxımdan asılı dövlət kimi qalmaq, ya da regional əməkdaşlığa qoşularaq, sülh və inkişaf yolunu seçmək. Hansı istiqaməti seçəcəyi isə Ermənistan rəhbərliyinin siyasi iradəsindən və xalqının dəyişikliklərə nə qədər hazır olmasından asılı olacaq”.

Əlaqəli Xəbərlər