Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarında və hərbi hissələrində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən müddətli həqiqi hərbi xidməti başa vuran sərhədçi əsgərlərin Silahlı Qüvvələrin ehtiyatına buraxılması həyata keçirilir. DSX-nin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, hərbi hissələrin Döyüş Bayrağının sıra meydanına gətirilməsi ilə başlayan tədbirlərdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda hər bir Azərbaycan sərhədçisinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dövlət sərhədinin mühafizəsi və müdafiəsi kimi ali vəzifəni qürurla yerinə yetirdiyi, Vətənin keşiyində əzmlə dayandığı xüsusi vurğulanıb.
Xidməti borclarını başa vuraraq Silahlı Qüvvələrin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına Vətənə sədaqətlə xidmət etdiklərinə və qarşıya qoyulmuş tapşırıqları nümunəvi şəkildə yerinə yetirdiklərinə görə təşəkkür edilib.
Tədbirlərin sonunda xidmətdə fərqlənənlər təltif olunub, şəxsi heyətlə xatirə fotoşəkilləri çəkildikdən sonra əsgərlər təntənəli şəkildə yola salınıblar.