“44 günlük Vətən müharibəsində möhtəşəm zəfərimizdən dərhal sonra cənab Prezident İlham Əliyevin tapşırığı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrini və müharibə iştirakçılarını əhatə edən genişmiqyaslı sosial dəstək tədbirlərinin və proqramlarının icrasına start vermişdir. Bu proqramlar bu gün də uğurla icra edilir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli deyib.
O bildirib ki, bu gün burada həmin proqramlar çərçivəsində ən vacib istiqamətlərdən biri olan şəhid ailələrinin və müharibə iştirakçılarının mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan proqramın icrası çərçivəsində növbəti 100 mənzilin verilməsi baş tutub. Ümumilikdə postmüharibə dövründə 6900, ötən dövr ərzində isə 16.000 mənzil və fərdi ev şəhid ailələrinə və müharibə iştirakçılarına verilib. İlin növbəti dövründə də mənzil təminatı davam etdiriləcək”.