“Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatı Zirvə Görüşü yalnız üzv dövlətlər tərəfindən deyil, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən də böyük maraqla izlənilmişdir”.Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
O bildirib ki, dünyanın siyasi və geoiqtisadi baxımdan mürəkkəb bir mərhələdə olduğu zamanda, Azərbaycan bu tədbirə ev sahibliyi etməklə təşkilatın fəaliyyətində mühüm rol oynamış və orada verilən mesajların qlobal əhəmiyyətini bir daha nümayiş etdirdi: “Görüş nəticəsində 15 səhifə və 121 maddədən təşkil olunmuş bəyanat qəbul edildi. Bu sənəd təşkilatın beş həqiqi üzvü – Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkiyə tərəfindən imzalanmışdır. Müəyyən müşahidəçi üzvlər, o cümlədən Türkmənistan, Macarıstan və Kuzey Kıbrıs Türk Cümhuriyyəti sənədə imza atmamış olsa da, qeyd olunmalıdır ki, onlar da sənədin arxasındadırlar.
Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi bir sıra prioritet istiqamətlər görüşün əhəmiyyətini daha da artırmışdır. Bunlardan biri türk dövlətləri arasında ortaq hərbi təlimlərin həyata keçirilməsi təşəbbüsüdür. Tarixi baxımdan, türk dövlətləri müxtəlif formatlarda (ikili və üçlü) təlimlər keçirmişdir, lakin bütün üzv dövlətlərin birgə hərbi təlimdə iştirakı təklifi ilk dəfədir və Azərbaycan bu təşəbbüsə ev sahibliyi etməyə hazırdır. Bu addım yalnız regionda deyil, həm də qlobal səviyyədə diqqət cəlb edir.
Prezident İlham Əliyev həmçinin vurğulamışdır ki, Türk Dövlətləri Təşkilatı artıq yeni bir güc mərkəzinə çevrilmişdir. Bu, dünyaya açıq mesajdır ki, qlobal siyasətdə bu dövlətlərin ortaq mövqeyi və gücü nəzərə alınmalıdır. Təşkilatın üzvü olan 8 dövlət – bunlardan biri Avropanın mərkəzində yerləşən Macarıstan olmaqla, digərləri isə Qafqaz və Mərkəzi Asiya regionunun türk dövlətləridir – artıq beynəlxalq səviyyədə yeni bir balansın formalaşmasında təsir gücünə malikdirlər. Nəticə etibarilə, Qəbələ zirvə görüşü yüksək səviyyədə təşkil edilmiş, geniş media əks-sədası yaratmış və xüsusilə Orta Asiya regionunda böyük müsbət rezonans doğurmuşdur. Bu reallıqları yaradan isə Azərbaycanın liderlik rolu və diplomatik təşəbbüskarlığı olmuşdur. Azərbaycan, öz strateji mövqeyi və aktiv iştirakçılığı ilə Türk Dövlətləri Təşkilatının qlobal səviyyədə nüfuzunu artırmışdır”.