“Rəqəmsal ödəmə sistemləri şəffaflığı artırır”


“Rəqəmsal ödəmə sistemləri və elektron ticarətin artması son illərdə milli iqtisadiyyatda şəffaflığın artırılmasında mühüm rol oynayıb. Heç təsadüfi deyil ki, Azərbaycanda 2024-cü ildə kart vasitəsilə edilən əməliyyatların 84 faizi elektron ticarətin payına düşür”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Samir Heydərov deyib.

Samir Heydərov sözlərinə belə davam edib: “Elektron ticarətin həcmi 2024-cü ildə 2023-cü illə müqayisədə 69,8 faiz artmışdır. Ümumiyyətlə, elektron ödənişlər — POS terminalları, onlayn bankçılıq və mobil ödənişlər — nağdsız əməliyyatların payını artırır. Bu da nağd dövriyyədə gizlədilən gəlirlərin azalmasına səbəb olur, çünki hər bir əməliyyat rəqəmsal iz buraxır. Dövlət orqanları, xüsusilə vergi xidməti, bu məlumatlar vasitəsilə real gəlirləri daha dəqiq izləyə bilir. Nəticədə, “kölgə iqtisadiyyatı”nın həcmi azalır.

Dövlət Statistika Komitəsinin son göstəricilərinə görə, Azərbaycanda “kölgə iqtisadiyyatının” həcmi 7–8 faiz civarındadır. Beynəlxalq qiymətləndirmələr isə bu rəqəmi təqribən 14 faiz səviyyəsində göstərir. Hər iki halda əvvəlki illərlə müqayisədə bu, müsbət nəticə sayılır. Fərqin yaranma səbəbi ondan ibarətdir ki, beynəlxalq hesablamalar rəsmi statistikanın əhatə etmədiyi bütün uçotsuz dövriyyələri də nəzərə alır.

Beləliklə, rəqəmsal ödəmə sistemləri və elektron ticarət iqtisadiyyatı əvvəlkindən daha şəffaf hala gətirib. Onlayn mağazalar və ticarət platformaları rəsmi qeydiyyatdan keçdiyi üçün satışlar, gəlirlər və müştəri axını rəqəmsal uçotda əks olunur. Ənənəvi bazarlarla müqayisədə onlayn satışların izlənməsi və vergiyə cəlb edilməsi daha asan həyata keçirilir. Bu da dövlət büdcəsinə daxilolmaları artırır və qeyri-rəsmi ticarətin payını azaldır. Tam şəffaflığın təmin olunması üçün bütün ödənişlərin rəqəmsallaşdırılması vacibdir. Vergi və bank sistemlərinin inteqrasiyası tam şəkildə təmin edilməli, elektron uçot mədəniyyəti daha da inkişaf etdirilməlidir.

Rəqəmsallaşmanın iqtisadiyyata təsiri aydın şəkildə müsbətdir: gəlirlərin gizlədilməsi və korrupsiyanın həcmi azalır, nəzarət güclənir, haqsız rəqabət aradan qalxır. Nəticədə sahibkarlığın inkişafı üçün əlverişli zəmin yaranır. Elektron platformalar şəffaf rəqabəti təşviq edir, investisiyaların həcmini artırır və rəqəmsal şəffaflıq xarici investorların ölkəyə olan etimadını gücləndirir”.

Əlaqəli Xəbərlər