“Sammit türk dünyasının daha da möhkəmlənməsinə təkan verir”


“Türk Dövlətləri Təşkilatının hər bir sammiti artıq adi tədbir kimi deyil, mühüm və əhəmiyyətli bir xəbər kimi qəbul olunur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, SSRİ dağıldıqdan sonra keçmiş türk respublikaları Türkiyə ilə birgə möhtəşəm bir regional təşkilat yaratdılar: “Bu təşkilat gündən-günə həm siyasi, həm iqtisadi gücü ilə dünyanın diqqətini cəlb etməkdədir. Türk dövlətləri sübut etdilər ki, etnik zəmində qurulmuş bir təşkilat da çox səmərəli fəaliyyət göstərə bilər. Bir-birinin daxili işlərinə qarışmadan, qarşılıqlı hörmət əsasında münasibətlər quraraq, bu dövlətlər bu gün hər bir məsələ ilə bağlı bir-birinin yanında dayanmağa çalışırlar.

İqtisadi və siyasi əməkdaşlıq isə artıq sözün əsl mənasında qardaşlıq inteqrasiyasına çevrilməkdədir. Azərbaycan da Türk dünyasının birliyi üçün maksimum səylə çalışır. Məsələn, Azərbaycan Şimali Kipr Türk Respublikasının prezidentini artıq ikinci dəfə Türk Dövlətləri Təşkilatının tədbirində qəbul edib. Bu sammitdə cənab Prezidentimizin hərbi təlimlərin keçirilməsi təşəbbüsü də, təşkilat daxilində hərbi-texniki əməkdaşlığın gücləndiyinin göstəricisidir. Türk dostluğu bizim ümumi gücümüzə çevrilir və Türk dünyasının hər bir istiqamətdə daha da möhkəmlənməsinə təkan verir”.

Əlaqəli Xəbərlər