“Zəfər tariximiz Azərbaycan dövlətçiliyinin və xalqımızın milli birliyinin ən parlaq nümunəsidir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə təkcə hərbi əməliyyatların nəticəsi deyil, uzun illər ərzində formalaşan güclü dövlət siyasətinin, strateji uzaqgörənliyin və xalq-dövlət həmrəyliyinin məntiqi nəticəsi idi”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.
Onun sözlərinə görə, bu Zəfər Azərbaycanın beynəlxalq arenada statusunu köklü şəkildə dəyişdirdi. Ölkəmiz təkcə regional deyil, qlobal miqyasda da öz siyasi iradəsini, hərbi gücünü və diplomatik çevikliyini nümayiş etdirdi. Bu, həm də onilliklər boyu davam edən işğalın beynəlxalq hüquqa zidd olduğunu sübut etdi və ədalətin bərpa olunduğunu bütün dünyaya göstərdi: “Zəfər tariximizin əhəmiyyəti ondadır ki, bu qələbə Azərbaycan xalqının milli kimliyini, birliyini və dövlətinə olan inamını daha da gücləndirdi. Artıq xalq öz gücünə inanır, dövlətin öz torpaqlarını qorumaq və inkişaf etdirmək gücünə tam əmindir. Bu, milli ideologiyanın əsas sütunlarından birinə çevrilib.
Bu gün əsas vəzifəmiz həmin Zəfəri yalnız tarix kitablarında deyil, xalqın şüurunda, gənc nəsillərin düşüncəsində əbədi yaşatmaqdır. Çünki bu Qələbə təkcə keçmişin şərəfli səhifəsi deyil, həm də gələcəyin istiqamətverici dəyəridir. Zəfər tarixi bizə göstərdi ki, milli birliyimizi qoruduğumuz, dövlətimizə və ordumuza güvəndiyimiz halda, heç bir güc Azərbaycanın qarşısını ala bilməz. Zəfər tarixini düzgün dəyərləndirmək, onu təmtəraqla deyil, məsuliyyət və vətənpərvərlik hissi ilə yad etmək vacibdir. Çünki bu gün Zəfərin qorunması torpaqlarımızın bərpası, azad edilmiş ərazilərdə yeni həyatın qurulması və bu torpaqlarda əbədi sülhün təmin olunması deməkdir. Azərbaycanın Zəfəri – tək bir döyüşün deyil, bütöv bir xalqın milli dirçəlişinin simvoludur”.