“İnteryer dizayn dedikdə yalnızca evin vizual görünüşü deyil, eyni zamanda evdə yaranan aura və insan psixologiyasına göstərdiyi müsbət təsir də nəzərdə tutulur. Bu səbəbdən yaşadığımız məkanın dizaynına xüsusi önəm verilməlidir. Evin dizaynına qərar verilərkən, ilk növbədə həm fərdi zövq, həm də müştərinin istəkləri nəzərə alınır və buna uyğun olaraq uyğun üslub seçilir”. Bu sözləri SİA-ya açıqlamasında dizayner, “Khanconcept” şirkətinin rəhbəri Orxan Eyyublu deyib.
Onun sözlərinə görə, üslub təyin olunduqdan sonra evin sahəsinə uyğun dizayn prosesi planlaşdırılır: “Bu mərhələdə ilkin plan hazırlanır, daha sonra isə dizayn layihəsi xüsusi vizualizasiya proqramlarında işlənilir. Bu proqramlar vasitəsilə həm estetik, həm də funksional baxımdan məkanın daha səmərəli dizaynı mümkün olur. Müştərinin istəkləri nəzərə alınmaqla sonrakı mərhələlər həyata keçirilir.
Kiçik kvadratlı mənzillər üçün adətən modern, minimalist və sadə üslublar tövsiyə olunur. Bu üslublar həm məkanı daha geniş göstərir, həm də funksionallıq baxımından üstünlük təşkil edir. Böyük sahəyə malik mənzillərdə isə klassik, neoklassik və digər zövqlü üslublar təklif oluna bilər.
Xüsusilə kiçik kvadratlı mənzillərdə açıq tonlu rənglərə üstünlük verilir ki, məkan daha geniş və işıqlı görünsün. Tək rəngli divar boyaları və ya sadə divar kağızları istifadə olunur. Mebel seçimi zamanı isə yığılma və funksional mebellər tövsiyə olunur. Bu mebellər otağın ölçüsünə və formalarına uyğun şəkildə dizayn edilir və fərdi sifariş əsasında hazırlanır. Bütün bu mərhələlər dizayn prosesində planlaşdırılır və yekun olaraq yaşayış sahəsi müştəriyə tam təhvil verilir”.