Ağdam-Xankəndi dəmir yolu xətti ilə bağlı layihələndirmə işlərinə başlanılıb. SİA xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.
“Bu il bu dəmir yolunda tikinti işlərinə start vermək niyyətindəyik. Artıq podratçı şirkət seçilib. Mobilizasiya işləri davam etdirilir. Ağdamdan Xankəndiyə qədər dəmir yolu xəttinin 27-28 kilometr olacağı gözlənilir”, – o vurğulayıb.
Onun sözlərinə görə, Bərdə-Ağdam dəmir yolu xəttinin Əsgəran rayonuna qədər uzadılması planlaşdırılır: “Bu layihə ilə bağlı tikinti işlərinin 2026-cı ilə başa çatması planlaşdırılır. Bərdə-Ağdam dəmir yolu xətti ilə bağlı tikinti işlərinin gələn il başa çatacağı gözlənilir”.