Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm bir hissəsi olan Ələt-Osmanlı-Astara dəmir yolu xətti ilə bağlı tikinti işlərinin 2027-ci ilə qədər tamamlanacağı gözlənilir. SİA xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.
“Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması işləri həyata keçirilir. Ələtdən Osmanlı istiqamətli olan hissədə cüt xəttli dəmir yolunun yenilənməsi işləri aktiv olaraq davam edir. Eyni zamanda, Osmanlıdan Astaraya qədər işlər aparılır. Yolun ümumi uzunluğu 243 kilometr təşkil edir”, – o vurğulayıb.
Xatırladaq ki, bu layihə “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nda öz əksini tapıb. Dəmir yolu xəttinin yenidən qurulması üzrə işlərə 2024-cü ildən başlanılıb.
Ox üzrə uzunluğu 245 km olan bu yolda təmir işləri 4 mərhələdə həyata keçirilir. Birinci mərhələ 60 km uzunluğunda Ələt-Osmanlı hissəsini əhatə edir. Bu mərhələyə ümumilikdə 131 süni mühəndis qurğusu, o cümlədən 3dəmiryol körpüsü, 3 avtomobil üst keçid, eləcə də heyvanların keçməsi üçün alt keçidlərin və müxtəlif ölçülü suötürücü boruların tikintisi daxildir. Birinci mərhələ üzrə işlər həmçinin 3 stansiyanın (Yeni Ələt, Şirvan və Osmanlı) yenidən qurulmasını nəzərdə tutur.
Ələt-Osmanlı-Astara dəmir yolu xətti sonuncu dəfə 1980-ci illərdə əsaslı təmir olunub. Dəmir yolunun tikintisinin əhəmiyyəti ölkənin tranzit potensialının artırılmasına, Şimal-Cənub dəhlizi üzrə artan yük tələbatının qarşılanmasına, eləcə də ümumi dəmiryol infrastrukturunun yaxşılaşdırılmasına xidmət edəcək. Eyni zamanda, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd edilən istiqamətdə avtomobil yolları ilə bir çox eyni səviyyəli kəsişmələrin müxtəlif səviyyəli kəsişmələrlə əvəzlənməsi işləri görülür.