“Yolların düşməni sudur”


“Yolların düşməni sudur. Ona görə də yola düşən suyu təcili uzaqlaşdırmaq üçün tədbirlər görülür. Uzununa və eninə borular qoyulur. Həmçinin suyu qəbul edən ötürən qurğular tikilib təsis edilir. Buna görə də bu qurğular və tikililər elə planlaşdırılmalıdır ki, su yolda yığılıb qalmasın”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib.

Onun sözlərinə görə, ümumiyyətlə qurğuların təsis edilməsi, yollardan yığılmış suların təmizlənməsi üçündür: “Eyni zamanda təsis olunmuş qurğular işlək vəziyyətdə olmalıdır. Bunu da qeyd etmək istərdim ki, yolun tərkibini çınqıl, asfalt təşkil edir. Bunlar hamısı suyu ötürən materiallar sayılır. Bu səbəbdən yolda su yığılan zaman, yolun alt hissəsinə keçir və orada boşluq yaranır. Yolun üstündə ağır tonnajlı avtomobillər hərəkət etdiyi zaman orada deformasiyalar yaranır. Ona görə də yola düşən suyu təcili şəkildə yoldan uzaqlaşdırmaq mütləqdir”.

Ekspert həmçinin qeyd edib ki, əsasən yağış və sular çökək ərazilərə yığılır: “Yəni yolda harada çuxur yaxud dərin yer varsa, yağış ora toplanır. Hidroloji hesabatı gözdən keçirmək lazımdır ki, görək əsasən hansı yerlərdə çökəklik var və su haraya ən çox yığılır. Bu bir təcrübədir. Fakt olaraq görsənəcək ki, su əsasən harada yığılır. Buna uyğun tədbirlər görmək lazımdır. Çünki hər dəfə eyni yerdə problemlər yaşanır. Həmçinin kollektorlarda, kanalizasiya sistemlərində bir çox problemlər var. Onlar yağış sularını uzaqlaşdırmaq üçün daim işlək vəziyyətdə olmalıdır. Lakin onlar daim su götürə bilmir. Çünki məskunlaşma həddən artıq sürətli şəkildə baş verdiyinə görə, artıq bu qədər yükləri daşıya bilmirlər. Ona görə də, bütün işlər planlaşdırılıb həyata keçirilməlidir”.

Əlaqəli Xəbərlər