İki qonşu ölkənin, Azərbaycan və Gürcüstanın dostluq münasibətlərinin dərin tarixi kökləri olduğu bəllidir. Ölkələrim arasında çox yaxşı, çox mehriban münasibətlər hələ bundan öncə də olub və dəfələrlə öz bəhrəsini də verib, yenə də öz bəhrəsini verməkdədir. Xüsusən də, enerji və nəqliyyat tranziti sahəsində birgə təşəbbüslər göz önündədir. Unutmaq lazım deyil ki, əvvəla, məhz həmin tranzitin, sinerjinin Cənubi Qafqaz regionunu beynəlxalq biznes üçün açıq effektiv biznes platformasına çevirməsi təkzibedilməzdir. Digər tərəfdən də, nəzərdən qaçırmaq lazım deyil ki, Azərbaycan və Gürcüstan olmaqla, bu iki qonşu ölkə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır və bu reallığı nəinki avropalılar, elə bütün dünya ictimaiyyəti də yaxşı bilir. Yaxşı bilir ki, Cənubi Qafqazda iki qonşu ölkənin birliyi fonunda hər iki ölkə üçün etimad mühiti, sabitlik, inkişaf özünü göstərir və daha böyük ümidlərə əsas verir.
Dövlət başçımızın ölkələrimizi birləşdirən çoxsaylı investisiya layihələrinin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırması təsadüf deyil
Sözsüz ki, Azərbaycanın və Gürcüstanın birgə nəqliyyat və enerji layihələri vasitəsilə uzun illər sıx bağlı olduğu da günümüzün reallığıdır. Bunu da təkzib etmək olmaz ki, hər iki ölkənin ərazisindən neft və qaz tranzit boru kəmərləri şəbəkəsi keçir və bağlılıq artıq uzun illərdir mövcuddur. Sirr də deyil ki, Gürcüstan limanlarında neft, yanacaq və neft-kimya məhsullarının daşınması üçün terminallar tikilib və bu terminallar vasitəsilə Azərbaycan, eləcə də Mərkəzi Asiya ölkələrindən xammal Qara dəniz və Orta Asiya ölkələrinin enerji bazarlarına uğurla ixrac olunur. Eyni zamanda, elektrik enerjisinin Türkiyə bazarına ixracını, həmkarının bir sıra Cənubi Avropa ölkələrinə ötürülməsi nəzərdə tutulan layihələrini də Bakı məhz son illərdə Tbilisi ilə tərəfdaşlıq fonunda həyata keçirir.
Ölkəmiz Azərbaycanın məhz Gürcüstanla birgə həyata keçirdiyi neft-qaz layihələrinin, neft-qaz kəmərlərinin, nəqliyyat-kommunikasiya layihələrinin həqiqətən çox böyük əhəmiyyət kəsb etdiyi də bəllidir və bunu subut etməyə də ehtiyac qalmır. Avropalılar özləri belə yaxşı bilirlər və etraf da edirlər ki, hazırda Avropanın enerji təhlükəsizliyi məsələsinin təmin olunması məhz Azərbaycan və Gürcüstansız mümkün belə deyil. “Hazırda Azərbaycan 12 ölkəyə, o cümlədən Gürcüstana təbii qaz ixrac edir”, deyə mətbuata öz həmkarı ilə birgə bəyanatında bildirən Azərbaycan Prezidenti cənab İlham Əliyev diqqətə layiq məqamlara məharətlə toxunub. Xüsusən də, nəqliyyat-kommunikasiya sektorunda əldə olunan nailiyyətlərə, yeni dəmir yollarının və limanların tikintisinə diqqəti cəlb etməklə, ölkə rəhbərimiz məhz həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinerjinin yaradılması və Orta Dəhlizinin tərkib hissəsinə çevrilməsini də təsadüfi, eləcə də səbəbsiz olaraq vurğulamayıb. Azərbaycan Prezidenti məhz ölkələrimizi birləşdirən çoxsaylı investisiya layihələrinin həm dövlətlərimiz və xalqlarımız, həm də daha geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb etdiyini xüsusilə diqqətə çatdırıb.
Uğurlu ikitərəfli iqtisadi əməkdaşlığın beynəlxalq kontekstdə daha böyük potensiala malik olduğu hamı tərəfindən qəbul olunur
Azərbaycanla Gürcüstanın əməkdaşlığının məhz ikitərəfli səviyyədə çox fəal inkişaf etdiyi diqqətdən kənarda qala bilməz. Bu əməkdaşlığın fəal olmasını təsdiq edən kifayət qədər fakt və arqumentlər var. Xüsusilə, statistik göstəricilər bu reallığı daha aydın şəkildə göstərir və təsdiq edir. Beləki, əgər bu gün Gürcüstanda Azərbaycan kapitallı 650-yə yaxın şirkət fəaliyyət göstərirsə, bunun fəal əməkdaşlıqdan başqa adı ola bilməz. Yaxud da, ümumilikdə Azərbaycan 1995-ci ildən, yəni müstəqilliyini bərpa etdikdən bu günə kimi Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollardan çox sərmayə qoyubsa, deməli, bu özü də iki qonşu ölkə arasında əməkdaşlığın məhz ikitərəfli səviyyədə çox fəal inkişaf etdiyini isbatlayır.
Qoyulan investisiyaların Kulevi limanındakı neft terminalına və digər infrastruktura, eləcə də neft bazalarına və yanacaqdoldurma məntəqələri şəbəkəsinə, paylayıcı qaz kəmərlərinə və digər bu kimi istiqamətlərə yönəldilməsi də nəzərəçarpan məqamdır. Azərbaycan qazı ixracının ümumi həcminin təxminən 10%-i Gürcüstana gedirsə və eləcə də qonşu ölkədə istehlak edilən “mavi” yanacağın təxminən 80%-i Azərbaycan mənşəlidirsə, deməli, sadalananlar və qeyd olunanlar zərrə qədər də şübhə yarada bilməz. Daha dəqiq desək, iki qonşu ölkənin birliyinin inkişafa zəmin yaradan töhvəsi hazırda qətiyyən təkzib olunmur və ələlxüsus da enerji sektorunda fəal olan uğurlu ikitərəfli iqtisadi əməkdaşlığın beynəlxalq kontekstdə daha böyük potensiala malik olduğu hamı tərəfindən qəbul olunur.
Azərbaycanla Gürcüstanın birliyi olduqca əhəmiyyətli hesab olunmaqdadır…
Azərbaycanın təbii qazının Gürcüstan vasitəsilə ixrac edilməsi və ötən il ümumi qaz ixracının həcminin 25,2 milyard kubmetrə çatması və bunun da məhz 2023-cü illə müqayisədə 5,8% çox olması dinamik inkişafdan xəbər verir. Xüsusən də, məhz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin etibarlı və strateji əhəmiyyətli tərəfdaş statusu bu inkişafın, sabitliyin təsdiqi hesab olunur. Avropanın enerji və mənzil təsərrüfatı üzrə komissarı Den Yorgensenin dedikləri bu məqamda tamamilə yerinə düşür. “2024-cü ildə Avropa İttifaqı Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan təxminən 11,7 milyard kubmetr qaz idxal edib ki, bu da 2021-ci illə müqayisədə 44% çoxdur və Aİ Azərbaycanla Strateji Enerji Tərəfdaşlığının həyata keçirilməsini davam etdirməkdir”, deyə Yorgensenin bildirdikləri, etirafı ölkəmizin Avropanın enerji təhlükəsizliyində artan əhəmiyyətini bir daha sübut edir.
Aİ ilə “yaşıl” enerji sahəsində uzunmüddətli əməkdaşlıq baxımından Azərbaycan və Gürcüstan artıq Türkiyə və Avropa bazarlarına elektrik enerjisinin tranziti seqmentində də əməkdaşlığı fəal şəkildə gücləndirir. Bərpa olunan enerji mənbələri seqmentini fəal şəkildə inkişaf etdirən Azərbaycanda uzunmüddətli perspektivdə təsirli güc artıqlığının yaranacağı bəllidir və “yaşıl” elektrik enerjisinin təxminən 80%-nin ixracının planlaşdırılması da bu baxımdan başadüşüləndir. Elektrik enerjisinin təxminən 90% olmaqla su elektrik stansiyalarında istehsal olunan, elektrik enerjisini Türkiyə və Avropa bazarlarına ixrac etməyi planlaşdıran Gürcüstanın özünün də məhz bərpa olunan enerji potensialına malik olmaqla, oxşar istiqamətdə irəliləməsi faktı da ortadadır. Deməli, iki ölkə arasında əməkdaşlıq, birlik ancaq inkişafa, sabitliyə töhvə verir və bu baxımdan da, Azərbaycanla Gürcüstanın birliyi olduqca əhəmiyyətli hesab olunmaqdadır…