“YAŞAT” Fondunun təşkilatçılığı ilə aprelin 18-də şəhid övladları üçün 1-ci intellektual marafonu start götürüb. Bu barədə SİA-ya Fonddan məlumat verilib.
Bildirilib ki, 16-21 yaş aralığındakı 50-yə yaxın şəhid övladının cəlb olunduğu layihə aprelin 20-dək davam edəcək.
Əsas məqsəd iştirakçıların asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafı, yeni bilik və bacarıqlar əldə etməklərinə dəstək olmaqdır.
Marafon müddətində müxtəlif intellektual oyunlar, bilik yarışmaları, əyləncə və konsert saatları keçiriləcək.
Həmçinin düşərgə iştirakçıları müxtəlif hədiyyə və mükafatlarla təltif olunacaqlar.