“Narsizm bir xarakter xüsusiyyəti kimi yüngül formada olsa da, əgər patoloji səviyyədədirsə, bu artıq şəxsiyyət pozuntusu hesab olunur. Narsist insanlar kimlərdir? Özünü hər kəsdən üstün görən, özünü həddindən artıq dəyərləndirən, başqalarının hiss və duyğularını nəzərə almayan, empati hissi olmayan və başqalarını öz məqsədlərinə uyğun istifadə edən şəxslərdir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib.
Onun sözlərinə görə, narsizm müxtəlif səbəblərdən yarana bilər: “Birinci səbəb ondan ibarətdir ki, ailədə uşaq körpəlikdən həddən artıq təriflənir. Bu, gələcəkdə onun narsist olmasına səbəb ola bilər. İkinci səbəb isə odur ki, uşaq heç təriflənmir, daim başqaları ilə müqayisə edilir və davamlı şəkildə alçaldılır. Bu halda da gələcəkdə narsist şəxsiyyət formalaşa bilər. Genetik faktorlar da bu prosesdə rol oynayır. Bəzi xarakter xüsusiyyətləri valideyndən övlada keçə bilir və narsistik xüsusiyyətlər də bəzən keçici ola bilir.
Travmalar, sevgi və diqqət çatışmazlığı da insanın gələcəkdə narsist olmasına səbəb yarada bilər. Hal-hazırda bir çox yaşam kurslarının psixoloqları bu sahədə savadlıdır. Universitet bitirmiş hər bir psixoloq bilir ki, narsizm şəxsiyyət pozuntusudur və bu, tam şəkildə korreksiya oluna bilmir.
Freyd deyirdi: “İnsan artıq 5-7 yaşında bir binaya bənzəyir. Bu bina tikilib və artıq hazırdır.” Yəni insanın xarakteri təxminən 6-7 yaşında formalaşır. Bundan sonra nəyisə dəyişdirməyimiz, sadəcə zahiri görünüşə – divar kağızlarına və pərdələrə – bənzəyir. Yəni bu dəyişikliklər müvəqqəti və səthi ola bilər”.
Psixoloq qeyd edir ki, biri var mədəni insanın davranışı, biri də var insanın mədəni davranışı – bu anlayışlar bir-birindən fərqlidir: “Mədəni insanın davranışı hər yerdə mədəni olacaq. Amma insanın mədəni davranışı müəyyən yerdə və vəziyyətdə görünə bilər. Məsələn, bəzi insanlar küçədəki qadına “xanım” deyə müraciət edir, amma evindəki xanıma “ağız” deyə səslənir. Bu isə o deməkdir ki, bu insanın mədəniyyəti vəziyyətə görə dəyişir.
Narsist insan özünü hamıdan uğurlu və bacarıqlı hesab edir. İnsanlarla münasibət qurarkən onların üzərindən məqsədinə çatmaq üçün istifadə edir. Davamlı olaraq manipulyasiya edir və istəyir ki, daim tərifləsinlər, uğurları şişirdilsin. Qarşısındakı insanı özündən asılı vəziyyətə salmağa çalışır.
Məsələn, bir xanımı narsist bir oğlan sevir. Əvvəlcə xanım elə bilir ki, onun həyatının mərkəzinə qoyulub. Ona xüsusi diqqət göstərilir. Amma bir müddət sonra bu münasibət dəyişməyə başlayır. Sanki əvvəl deyilən sözlər heç vaxt olmayıbmış kimi davranılır. Xanım sosial çevrəsindən uzaqlaşdırılır və bir müddət sonra anlayır ki, tək qalıb. Nəticədə o, bu narsist şəxslə baş-başa qalır. Bu zaman xanım düşünür: “Necə edim ki, əvvəlki vəziyyətə qayıdım?” – amma bu zaman artıq gec olur. Çünki narsist şəxs verdiyi əziyyətdən həzz alır”.
Həmçinin Gülnar Orucov qeyd edir ki, narsist bir insanı “susdurmaq” istəyirsinizsə, sakit və sabit mövqedə dayanın, onu görməməzlikdən gəlin: “Narsist insanlar daim məşhur, tanınmış insanlarla münasibətdə olmaq istəyirlər. Çünki öz dəyərləndirmələri və özgüvən anlayışları fərqlidir. Özlərini yüksək qiymətləndirsələr də, daxildə özgüvən aşağı ola bilər. Yəni özünü qiymətləndirmə ilə özgüvən anlayışı fərqlidir. Bu səbəbdən narsist insanlar daim diqqət mərkəzində olmaq, sayılıb-seçilən insanlarla münasibət qurmaq istəyirlər.
Narsist insanla ailə qurmaq və yaşamaq olduqca çətindir. Çünki o, daim sizi alçaltmağa çalışacaq. Empati hissi olmadığı üçün sizi başa düşməyəcək və anlamaqda çətinlik çəkəcək. Bu isə ayrılığı çətinləşdirəcək, çünki qarşı tərəf psixoloji baxımdan narsist insandan asılı vəziyyətə düşür.
Ümumiyyətlə desək, narsizm tam anadangəlmə deyil. Genetik faktorlar rol oynasa da, bu şəxsiyyət pozuntusu anadangəlmə deyil. Uşaqlıq travmaları, sevgisizlik, rəqabət mühiti, sosial problemlər, davamlı tənqid və alçaldılma kimi faktorlar bu şəxsiyyətin formalaşmasında əsas rol oynayır. Lakin narsist insanın sağalması üçün birinci şərt onun özünün narsist olduğunu qəbul etməsidir – ki bu da çox çətindir. Çünki narsistlərin 100 nəfərindən 99-u bunu qəbul etmir. Uzunmüddətli psixoterapiya zamanı insan uşaqlıq dövründəki travmaları tanımalı, empati hissini inkişaf etdirməlidir. Sosial sahədə təlimlərə qatılmalı, tənqid və qəbullanma üzərində işləməlidir. Bütün bunlar böyük iradə tələb edir – bu da narsistlərdə çox zaman olmur. Onlar ancaq tərif və xoş münasibət gözləyirlər. Nəticə olaraq, narsist insan içindəki uşağı görməli və qəbul etməlidir. Bu isə uzun və çətin bir prosesdir”.