“Gürcüstanla Azərbaycan arasında çox ciddi müttəfiqlik münasibəti var. Eyni zamanda nümunəvi qonşuluq münasibətimiz var. Gürcüstanın hansısa kritik vəziyyətlərdə olması ilə bağlı informasiyalar var. Amma hər hansı bir şərtlərdə Azərbaycanla Gürcüstan arasında bir problemin yaşanmadığını görürük. Əksinə həmişə bir-birinə ciddi dəstək verən ölkələr kimi tanınırlar. Ona görə də Gürcüstan Prezidentinin Azərbaycana səfəri bu dostluğun bariz nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Onun sözlərinə görə, dostluq münasibətlərinin də inkişafı gələcəkdə daha çox olacaq: “Çünki insanlarımızın böyük əksəriyyəti də Gürcüstan-Azərbaycan münasibətlərində həmişə əlaqələrin qorunmasına dəstək verirlər.
Bu gün Gürcüstanın özündə müəyyən çətinliklər yaşanır. Amma bu nə qədər çətinlik olursa-olsun, istər Gürcüstan hakimiyyəti, istərsə də Azərbaycan hakimiyyəti bilirlər ki, məhz Qafqazda müəyyən münasibətlərin yaxşı istiqamətdə dəyişməsi üçün mütləq bu iki ölkənin möhkəm dostluq tellərini qoruması lazımdır. Hətta son vaxt Antalya forumunda da Gürcüstan Xarici İşlər Naziri Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri ilə birlikdə bu iclasda iştirak edib. Bu da onu göstərir ki, Qafqazın taleyi üçün bu üç ölkənin bir yerdə müəyyən fəaliyyətlərini genişləndirməsi olduqca əhəmiyyətlidir”.
Milli Məclisin deputatı həmçinin qeyd edib ki, Gürcüstan-Azərbaycan münasibətlərində daha ciddi irəliləyişlərin şahidi olacıq: “Burada iqtisadi bağlarımız məsələsi var. Türkiyə ilə bizim hər hansı bir şəkildə əlaqələrimiz, iqtisadi tranzit xətlərinin keçirilməsidə Gürcüstan üzərindən bir çox hallarda gerçəkləşib.
Bakı-Tblisi-Qars dəmiryolu kimi strateji əhəmiyyətli bir yolda buradan keçir. Bu birlikdə gələcəyin qurulması baxımından Gürcüstan-Azərbaycan münasibətləri, eyni zamanda Türkiyənin də gələcəyini maraqlandıran münasibətlərdir. Bu irəliyə doğru daha da inkişaf edəcəkdir. Gürcüstan Prezidentinin gəlişi, Parlament və Prezidentimizlə təmasları onu göstərdi ki, Azərbaycan dövlətidə Gürcüstanla münasibətlərə nə qədər böyük önəm verir. Bizim Parlamentin dostluq qrupu da, işçi qrupu da ən fəal işçi qruplarından biridir.