Reklam edərək əxlaqsızlığı təbliğ edirlər?


“İstaqram”da, “tiktok”da açıq bazardı, kameraya oynayan satıcıların sayı durmadan artır. Əksəriyyəti eyni cür görünürlər – eyni dişlər, eyni dodaqlar, eyni burun, eyni əməliyyatlı omba. Bir sözlə, bir-birinin eynisi, əksəriyyətinin də görünüşündən vulqarlıq yağan tiplər. Daha doğrusu, işə yeni başlayanda normal görünüşdə olurlar, spesifik, adi görünüşləri olur, bir neçə aydan sonra başlayırlar öz bədənlərində təmir, yenidənqurma işləri aparmağa. Bəs bunun sonu nə zamansa olacaqmı? Məsələ ilə bağlı SİA-da paytaxt sakinlərinin fikrlərini öyrənməyə çalışıb.

Şəhər sakini Səadət Axundova: “Bu çox biarçı bir mənzərədir. Olmaz belə şeylər eləmək. Cavanlarda onlardan görür və öyrənir sonda da, gələcəyimiz uçuruma doğru gedir. Ona görə mənə elə gəlir ki, bu cür sosial şəbəkələrdə olan reklamlar ləğv olunmalıdır.

Şəhər sakini Rasim Həsənov: “Əlbəttə belə hallar çox pis bir tendensiyadır. Gənclərimizin tərbiyəsində çox mənfi bir vəziyyət yarada bilər. Ona görə də, belə halların qarşısını alınması üçün tədbirlərin görülməsinə də, ehtiyac var. Mən düşünürəm ki, başqa ölkələrdə sosial mediada insanların çox açıq şəkildə müəyyən hərəkətləri, müəyyən məsuliyyətə də, səbəb olur. Çox təəssüflər olsun ki, bizdə yəni Azərbaycanda sosial mediadakı belə hallarnan bağlı hər hansı bir cəza tədbirləri nəzərdə tutulmur. Əslində qanunvericilikdə dəyişiklik etmək lazımdır ki, belə halların qarşısı dərhal alınsın. Bu həm əxlaqsızlığın qarşısının alınması, həm gənc nəslin tərbiyəsində mühüm vəziyyətə gətirib çıxardması üçün yaxşı olardı”.

Şəhər sakini Gözəl Quliyeva: “Bilirsiniz hər bir iş başında insanın özünün mənəviyyatı durur. Birdə ki, bizim mentalitetimizdə mənim fikrimcə çox önəmlidir. Bəzi indi cavan qızlar paltar nümayiş etdirirlər, bilmirsen onlar paltarı yoxsa bədən cizgilərini nümayiş etdirirlər. Hər halda məndə oğul anasıyam. Yəni ki, heç oğlanlara da, kişilərə də, heç xoş deyil onların bədəninə baxmaq. Çünki onlar belə etdikcə özləri haqqında mənfi rəy yaradırlar, heç də müsbət rəy onlar haqqında yaranmır. Çox arzu edərdim ki, biz öz mentalitetimizdən kənara çıxmayaq”.

Şəhər sakini Nəzakət Məhərrəmova: “Heç o reklamlar olmasa belə əxlaqsızlıq baş alıb gedir. Tarqovuya çıxsanız, ora reklam lazım deyil. Açıq aşkar ora bazardı. Mağazalarda vallah açıq-saçıq reklamlar görməmişəm, paltarları daha çox reklam edirlər. Qaldı ki, mini paltarlardı, cropdu, mini ətəklərdi, onları çıxardan çıxardıb satır. mən bu barədə nə deyə bilərəm, zövqünə uyğun, bəyənənlər alır geyinirlər. Amma onu geyinən şəxslərə mən şəxsən pis baxıram. Onu geyinən qızların valideynlərində də, deyirəm ki, ayıb olsun. Valideyn yaxşı valideyn olsa o qız göbəyi açıq paltar geyinməz. O valideynlərə ayıb olsun ki, evdən qız çıxardanda qızı çıxartmır, vız çıxardır”.

Şəhər sakini Zakir Rəhimov: “Bu çox mürəkkəb bir sualdır. Mən biraz yaşlı nəslin nümayəndəsi sayılıram. Biz keçmişdə evdən çıxanda, evdə olanda da, görürdük ki, elə geyinməliyik ki, biz özümüzü elə təqdim etməliyik ki, yəni bizə baxanlar və biz özümüzdə utanmayaq. Bizə baxanlarda bizim yerimizə utanmasın. İndi isə bəlkə zəmanə dəyişilib deyə, bəlkə abo-hava dəyişilib. Mən onları qınayada bilmərəm. Çünki mən öz yaşıma uyğun hərəkət edirəm”.

Şəhər sakini Zakir Ağdamlı: “Mən düzü heç indi ki, televiziyalar, indi ki, reklam şirkətləri o qədər eybəcər, o qədər pis hala düşüb ki, heç televizora belə baxmıram düzünə qalsa. Azərbaycan Televiziyası və İctimai kanaldan başqa düzünü desəm o birisi kanalların heç birini izləmirəm. O reklam adı altında o qədər eybəcər, o qədər həyasız şeylər təqdim edirlər ki, hətda onları milli dəyər adı altında belə insanlara təqdim edirlər. Bu isə bizim milli dəyərlərimizi aşağıllamaq deməkdir. Avropadan gələn pis nə varsa özlərinə götürüb bizlərə yaxşı bir şey kimi təqdim edirlər. Bu dözülməzdir və yol verilməzdir. Xalqın milli dəyərləri etalondur. Onları qorumaq lazımdır.

Şəhər sakini Rasim İmanov: “Mən o sadaladıqlarınızın heç birinə baxmıram və izləmirəm heç izləmərəmdə, mən sadəcə axşamlar xəbərləri izləyirəm. Dövlət səviyyəsində olan tədbirləri izləyirəm. Yəni cəmiyyəti pis günə qoyan şeyləri izləyib öz əsəblərimi korlamaq istəmirəm”.

Əlaqəli Xəbərlər