“Azərbaycanla Çin arasında münasibətlər dinamik şəkildə inkişaf etməkdədir və bir çox beynəlxalq məsələlərdə də bu dövlətlərin mövqeləri üst-üstə düşür”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, xüsusilə də Azərbaycan əraziləri işğal altında olanda Çin BMT çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalı ilə bağlı dörd qətnaməyə səs verən ölkələrdən biri olmuşdur: “Diplomatik münasibətlərimiz artıq 33 ildir ki, davam edir və tərəflər arasında bir çox istiqamətlərdə, xüsusilə də iqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq formatları mövcuddur.
Bundan başqa, bir çox formatlarda da tərəflər müzakirələr aparırlar və Azərbaycan da Çinin iştirak etdiyi bir sıra – məsələn, Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi İttifaqı kimi təşkilatların tədbirlərində müşahidəçi qismində iştirak edir. Keçən il Azərbaycan Prezidenti ilə Çin rəhbəri arasında keçirilən görüşdə tərəflər arasında strateji tərəfdaşlıq haqqında memorandum imzalandı və son dövrlərdə tərəflər arasında qarşılıqlı investisiyalar sahəsində ciddi artım müşahidə olunmaqdadır. Azərbaycan, Çinin “Bir kəmər, bir yol” layihəsində tərəfdaşlardan biri olaraq, Orta Dəhlizin əsas komponentini təşkil edən infrastrukturun qurulmasında da aktiv şəkildə iştirak edir. Bir çox beynəlxalq məsələlərdə də, qeyd etdiyimiz kimi, ortaq dəyərləri bölüşürük.
Hesab edirəm ki, Azərbaycan Prezidentinin Çinə səfəri tərəflər arasında münasibətlərin səviyyəsini daha da yüksəldəcək. Nəzərə alsaq ki, Çin dünyanın ikinci böyük iqtisadi və siyasi gücüdür, qlobal aktorlardan biridir, bu baxımdan tərəflər arasında münasibətlərin inkişafı hər iki tərəfin maraqlarına uyğundur, deyə bilərik”.