“Uşaq malları” standartlaşdırılması üzrə yeni Texniki Komitə yaradılıb


Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nəzdində “Uşaq malları” standartlaşdırılması üzrə yeni Texniki Komitə (AZSTAND/TK 51) təsis edilib. SİA xəbər verir ki, AZSTAND/TK 51 uşaq məhsullarının təhlükəsizliyini və keyfiyyətini artırmaq üçün uşaq avadanlıqları, uşaq meydançaları, oyuncaqlar, habelə uşaqlara aid nəşriyyat, velosipedlər, tekstil parçaları, dəri məmulatları, geyim, baş geyimləri, ayaqqabılar, bədənə qulluq avadanlıqları və digər uşaq malları üzrə müvafiq dövlət, beynəlxalq, regional və dövlətlərarası texniki reqlamenlərdə əks olunan istinad standartlarının hazırlanmasında maraqlı tərəflərin iştirakını təmin etmək məqsədilə yaradılıb.

Belə ki, komitənin fəaliyyəti ilə uşaq məhsullarının istehsalında və idxalında beynəlxalq təcrübəyə uyğun keyfiyyət və təhlükəsizlik standartlarının tətbiqi daha sistemli şəkildə həyata keçiriləcək. Bu, uşaqların sağlamlığını təhlükəyə ata biləcək məhsulların bazara çıxışının qarşısının alınmasına və etibarlı məhsulların əldə edilməsinə töhfə verəcək.

Məlumat üçün bildirək ki, AZSTAND/TK 51-in strukturuna dövlət və özəl təşkilatlar daxil edilib.

Qeyd edək ki, “Uşaq malları” standartlaşdırılması üzrə yeni Texniki Komitə Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görüləcək işlərin icrası məqsədilə 17 aprel 2025-ci il tarixli AZSTAND/Q-58/2025 nömrəli Qərar ilə yaradılıb.

Əlaqəli Xəbərlər