“İlk və əsas rol Mərkəzi Bankın uçot dərəcəsinə məxsusdur”


“Bankların kredit üzrə faiz dərəcələri bir neçə əsas faktora əsaslanaraq müəyyən olunur. Bu faizlər təkcə bankın öz daxili siyasətindən deyil, həm də iqtisadi mühit və hüquqi çərçivələrdən asılıdır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Beynəlxalq bankında Biznes monitorinq üzrə ekspert Toğrul Novruzəliyev deyib.

Onun sözlərinə görə, kredit faizlərinin formalaşmasında ilk və əsas rol Mərkəzi Bankın uçot dərəcəsinə məxsusdur: “Mərkəzi Bank uçot dərəcəsini aşağı saldıqda, kommersiya banklarının da kredit faizlərini azaltmaq imkanı yaranır. Eyni zamanda inflyasiya səviyyəsi, valyuta sabitliyi və pul kütləsi kimi amillər də bu prosesə təsir göstərir. Eyni zamanda banklar kredit təklif etməzdən öncə müştərinin gəlir səviyyəsini, kredit tarixçəsini, mövcud borc yükünü və təminat vasitələrini qiymətləndirirlər. Daha az risk daşıyan müştərilərə aşağı faizlə kredit verilməsi banklar üçün daha sərfəlidir”.

Ekspert həmçinin bildirib ki, bazarda rəqabət artdıqca, banklar müştəri cəlb etmək üçün faizləri endirə bilərlər: “Xüsusilə kampaniya dövrlərində və ya yeni məhsul təqdimatı zamanı faiz endirimləri daha çox olur. Eyni zamanda bankın likvidliyi və maliyyə resurslarına çıxışı da bu qərarlara təsir edir. Kreditin müddəti, məbləği, valyutası və girov təminatı da faiz dərəcəsinin formalaşmasına təsir edir. Məsələn, uzunmüddətli və girovla təmin olunan kreditlər adətən daha aşağı faizlə təklif olunur. Qısaca desək, banklar kredit faizlərini iqtisadi göstəricilər, müştəri riskləri və bazar şəraiti əsasında tənzimləyirlər. Uğurlu kredit tarixçəsi və güclü maliyyə vəziyyəti olan müştərilər isə bu şərtlərdən daha sərfəli şəkildə faydalana bilirlər”.

Əlaqəli Xəbərlər