“Hər gün ətrafımızdakı marketlərin sayı artır. Marketdəki alınacaq şirniyyatların, qidaların da çeşidləri günbəgün artır. Biz uşağa “yox” desək belə başqa şeyi görür və istəyir”. Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.
O bildirib ki, çox vaxt valideynlər uşağa deyir ki, pulu yoxdur: “Uşaq həm bu cümləni eşitməkdən bezir, həm də valideyn onun yanında pul qabını açıb pul çıxaranda görür ki, anasının müəyyən qədər məbləği var. Onda inamsızlıq yaranır. Ananın həqiqətən də pulu olmayanda uşaq ona inanmır. “Pulum yoxdur” demək yerinə, “pulum var, amma evin ehtiyaclarını almalıyıq” demək lazımdır. Yaxşı olar ki, siyahını tutanda uşağı da buna cəlb edək. Uşaq görsün ki, evdə hansısa ərzaqlara ehtiyac var, biz gündəlik ehtiyaclarımızı həmin pulla ödəməliyik.
Ən önəmlisi, uşağın ehtiyacı olan şeylər alınmalıdır. Məsələn, uşaq şokolad istəyir, eyni anda bir neçə şeyə də əl uzada bilər. Biz deməliyik ki, marketdən istədiyin bir şeyi seçə bilərsən. Uşaq analiz edir, fikirləşir, ən çox nəyi istəyirsə, onu seçir. Biz də uşağa bir növ seçim haqqı veririk, həm də qənaət öyrədirik.
Uşağa 6-7 yaşından etibarən pul verə bilərik. Sadəcə o, bizim kimi pul büdcəsini idarə etməyi bilmir deyə, yüksək məbləğdə pul vermirik. Hər gün az-az onun çantasına pul qoya bilərik. Amma yeniyetməlikdən etibarən isə verdiyimiz pulu artıra bilərik. Çünki yeniyetmə bir həftəlik pulu idarə etməyi öyrənməlidir. İbtidai yaşlarda uşaq bu idarəetməni bilmir, amma yeniyetmə dövründə idarəetməni artıq öyrənməyə başlamalıdır. Uşağa cib xərcliyi lazımi qədər verilməlidir”.