Harada siqaret çəkmək olmaz?


Haralarda siqaret çəkmək olmaz? İctimai qaydaları pozanlara qarşı cərimələr tətbiq olunmalıdır? Cərimələnmə nə zaman və hansı formada həyata keçirilməlidir? SİA mövzu ilə əlaqədar deputat Naqif Həmzəyevin və vəkil Turan Abdullazadənin fikirlərini öyrənib.

Deputat Naqif Həmzəyev: “Azərbaycanda aşağıdakı yerlərdə siqaret çəkmək qanunla qadağandır:

– Təhsil və səhiyyə müəssisələrində;

– İctimai nəqliyyatda;

– Restoran, kafe və digər ictimai iaşə obyektlərinin qapalı yerlərində;

– İdman və mədəniyyət obyektlərində;

– Dövlət idarələrində;

– Lift və çoxmərtəbəli binaların pilləkənlərində;

– Uşaq meydançalarında və uşaqların olduğu yerlərdə;

– Benzin doldurma məntəqələrində və digər yanğın təhlükəsi olan yerlərdə.

İctimai yerlərdə siqaret çəkmə qaydalarını pozanlara cərimələr tətbiq olunur. Bu cərimələrin haqlı olub-olmaması barədə müxtəlif fikirlər var:

Cərimələrin haqlı olduğunu düşünənlər qeyd edirlər ki:

– Siqaret çəkməyən insanların təmiz hava almaq hüququ var;

– Passiv siqaret dumanı sağlamlığa ciddi zərər verir;

– Cərimələr insanları qaydaları gözləməyə təşviq edir;

– İctimai sağlamlığın qorunması dövlətin vəzifəsidir.

Qadağan olunmuş yerlərdə siqaret çəkmək üçün alternativ məkanlar kifayət qədər yaradılmayıb”.

Vəkil Turan Abdullazadə: “İctimai yerlərdə, xüsusilə insanların sıx toplaşdığı ərazilər, avtobus dayanacaqlarında siqaret çəkən şəxslərin bu hərəkəti digər vətəndaşların haqlı narazılığına səbəb olur. Buna görə də həmin şəxslər barəsində inzibati məsuliyyət tədbirləri görülür. Bəzən isə məsuliyyətə cəlb olunan şəxslər etdikləri qanun pozuntusu ilə razılaşmırlar.

Azərbaycan Respublikasının “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanununa əsasən, tütün məmulatlarından istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə aşağıda göstərilən yerlərdə siqaret çəkmək qadağandır:

– Təhsil və tərbiyə müəssisələri və onların əraziləri;

– Tibb və tibbi-reabilitasiya müəssisələri və onların əraziləri;

– İdman yarışları və digər kütləvi tədbirlərin keçirildiyi binalar və obyektlər;

– Restoranlar, kafelər, barlar daxil olmaqla ictimai-iaşə obyektləri;

– Ticarət obyektləri;

– Məişət obyektləri;

– Sosial xidmət müəssisələri;

– Yerləşdirmə vasitələri;

– Mədəniyyət obyektləri (teatr, kinoteatr, muzeylər və s.)

– Uşaq meydançaları;

– Yerüstü və yeraltı piyada keçidləri;

– Nəqliyyat vasitələri (avtobuslar, minik avtomobilləri, dəmir yolu, hava nəqliyyatı və s.)

– Yanacaqdoldurma məntəqələri və digər təhlükəli obyektlər;

– Çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerləri.

İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsinə əsasən, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə üç yüz manat məbləğində cərimə edilir. Bu əməl bir il ərzində təkrar törədilərsə, yeddi yüz manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunur.

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinin qarşısının alınmamasına görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə tütün çəkməyə görə otuz manat məbləğində cərimə edilir.

Bundan başqa, hava nəqliyyatında tütün çəkməyə görə yüz manat, dəmir yolu nəqliyyatında və dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə tütün çəkməyə görə qırx manat məbləğində cərimə nəzərdə tutulub.

Avtobusda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkilməsinə görə qırx manatdan əlli manatadək məbləğdə cərimə edilir. Metroda tütün çəkməyə görə əlli manat məbləğində cərimə edilir.

Bundan əlavə, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bu yerlərdə tütün çəkmək qadağan edildiyini göstərən lövhələrin olması da qanunla tələb edilir”.

Əlaqəli Xəbərlər