Qazaxıstanın “Kaşağan” yatağından gündəlik neft hasilatının artım potensialı 1 milyon barelə qədərdir. SİA xəbər verir ki, bu barədə “KMG Kashagan” şirkətinin kommersiya məsələləri üzrə baş direktorunun müavini Kuanış Keskinbayev Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya” neft ticari-nəqliyyat forumunda bildirib.
“Bu gün biz gündə 400-420 min barel neft hasil edirik. Yatağın potensialı bu həcmi bir milyon barelə qədər artırmağa imkan verir”, – o qeyd edib.
K.Keskinbayev həmçinin xatırladıb ki, Qazaxıstan ildə təxminən 90 milyon ton neft hasil edir ki, bunun da 70 milyon tonu ixrac olunur.
“18 milyon ton ölkə daxilində emal olunur, təxminən 70 milyon ton isə əsasən Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə ixraca yönəldilir. Biz bu konsorsiuma xüsusi diqqət yetiririk, hazırda onun ötürücülük qabiliyyəti ildə 80 milyon tondur”, – baş direktorun müavini əlavə edib.