Azərbaycan və Latviya beynəlxalq yükdaşımalarda icazələrin sayını 2 dəfə artırıb


Azərbaycan və Latviya arasında daşıyıcılarının beynəlxalq yükdaşımalarında iştirakının artırılması məqsədilə ikitərəfli əsasda mübadilə edilən “İcazə” blanklarının illik kvotasının 2 dəfə artırılması barədə razılıq əldə olunub. SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, bu barədə aprelin 23-24-də Bakıda Azərbaycanla Latviya arasında keçirilən beynəlxalq avtomobil daşımaları sahəsində Qarışıq Komissiyasının növbəti iclasında razılıq əldə edilib.

Tədbirdə iki ölkə arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarının cari vəziyyəti, daşımalardakı problemlər və onların həlli yolları müzakirə edilib.

Həmçinin müxtəlif növ daşımaların daha çevik həyata keçirilməsinə şərait yaradılması məqsədilə yeni növ ikitərəfli/tranzit/3-cü ölkəyə/ölkədən “İcazə” blankı mövcud icazələrin siyahısına daxil edilib. Beləliklə, Latviya ilə 1000 ədəd ikitərəfli/tranzit və 300 ədəd ikitərəfli/tranzit/3-cü ölkəyə/ölkədən “İcazə” blanklarının mübadilə edilməsi razılaşdırılıb.

Eyni zamanda, Azərbaycan, Türkiyə və Özbəkistan arasında uğurla tətbiq olunan “İcazə” blanklarının elektron qaydada mübadiləsinə və verilməsinə imkan verən “e-Permit” sistemi nümayəndə heyətinə təqdim olunub. Latviya ilə də “İcazə” blanklarının yaxın gələcəkdə elektron şəkildə mübadilə edilməsi istəyi məmnunluqla ifadə edilib.

Bununla yanaşı, Latviya nümayəndə heyəti AYNA-nın Sürücü Təlim Mərkəzində sürücülərin nəzəri və praktiki hazırlıq prosesi ilə tanış olub.

Əlaqəli Xəbərlər