“Özünü sevən insan isə qarşısındakını olduğu kimi qəbul edə bilir”


“Gündəlik həyatda çox eşitdiyimiz bir ifadə var: “Əvvəlcə özünü sev”. Bəs bu ifadənin psixoloji mənası nədir? Həqiqətənmi, başqalarını sevə bilmək üçün əvvəlcə özümüzü sevməliyik? Özünü sevmək eqoistlikdirmi, yoxsa sağlam psixologiyanın təməlidirmi? Özünü sevmək eqoistlik deyil. Eqoistlik – yalnız öz istəklərini ön planda tutmaq, başqalarının hiss və hüquqlarını nəzərə almamaqdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Zeynəb Eyyubova sözlərinə belə davam edib: “Özünü sevmək isə bunun tam əksidir – insanın öz dəyərini bilməsi, hisslərini və ehtiyaclarını tanıması, özünə şəfqətlə yanaşmasıdır. Bu, daxili bütövlüyü təmin edir. Özünü sevən insan daha balanslı, anlayışlı və sağlam münasibətlər qura bilir. Özünü sevməyən insan isə ya daim təsdiq axtarır, ya da özünü qurban roluna salır.özünü sevməyən insan başqasına da sağlam sevgi verə bilməz. Öz içində sevgi yoxdursa, onu başqası ilə necə bölüşə bilərsən? Bu, boş bir qabdan su tökməyə bənzəyir. Əgər içimiz boşdursa – tükənmiş, yorğun, dəyərsiz hiss ediriksə – nə qədər yaxşı niyyətli olsaq da, başqalarına da yalnız narahatlıq, narazılıq və ya asılılıq ötürürük. Özünü sevən insan isə qarşısındakını olduğu kimi qəbul edə bilir, çünki o, artıq özünü qəbul edib.

— Bəzən insanlar deyir ki, “mən övladımı, ailəmi hər şeydən çox sevirəm, özümü yox”. Bu necə başa düşülməlidir?

Bu fikir fədakarlıq kimi səslənsə də, əslində çox zaman daxili dəyərsizlik hissindən qaynaqlanır. İnsan özünü dəyərli hiss etmədikdə, sevgisini yalnız başqalarına yönəldir və bu sevgi bəzən sağlam həddə olmur. Biz ailəmizi, övladımızı, dostlarımızı sevə bilərik, amma bu sevgi özümüzü yox sayaraq yox, özümüzü də sevərək olmalıdır. Sağlam ailə münasibətləri də, valideyn-övlad münasibətləri də bunun üzərində qurulmalıdır.

— onda özümüzə belə sual verək? Bəs özünü sevmək necə formalaşır? Uşaq yaşlarındanmı başlayır bu proses?

Bəli, məhz belə başlayır. Uşaqlıqda aldığımız sevgi və qəbul olunma hissi bizim özümüzə baxışımızı formalaşdırır. Əgər bir uşaq davamlı olaraq “sən kifayət qədər yaxşı deyilsən”, “sən bacarmazsan” kimi mesajlar alıbsa, o, özünü sevməyi öyrənə bilmir. Sonradan bu düşüncələr insanın böyüklük həyatında da davam edir və daim özünü sübut etməyə, bəyənilməyə çalışır. Amma xoşbəxtlik odur ki, bu düşüncələri sonradan da dəyişmək mümkündür – öz üzərində işləməklə, terapiya və psixoloji dəstək vasitəsilə.

Özünü sevmək üçün ilk addım – özünü dinləməkdir. Mən nə hiss edirəm? Mən nə istəyirəm? Nəyə ehtiyacım var? Bu suallara dürüst cavab verə bilmək, insanın özünü daha dərindən tanımasına kömək edir. Ardınca isə özünə şəfqət göstərmək, öz səhvlərinə qarşı anlayışlı olmaq, tənqid yerinə dəstək vermək gəlir. İnsan özünə ən yaxın dostu kimi yanaşmağı öyrənməlidir. Eyni zamanda sağlam sərhədlər qoymaq – “xeyr” deməyi bacarmaq da özünü sevməyin bir hissəsidir.

Cəmiyyətimizdə bəzən insanın özünü düşünməsi “özünü bəyənmək”, “təkəbbür” kimi anlaşılır. Halbuki özünü sevmək həm ruh sağlamlığı, həm də sosial münasibətlər üçün vacib bir şərtdir. İnsan özünü nə qədər tanıyarsa, o qədər sağlam, səmimi və sevgi dolu bir insan olar. Valideynlərə, müəllimlərə və cəmiyyətə düşən əsas vəzifə – uşaqlara özlərini sevməyi, hörmət etməyi və dəyərləndirməyi öyrətməkdir”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər