Dünya ictimaiyyətinin diqqətini indi daha çox Hindistanla Pakistan arasında olan gərginli cəlb edir. Əlbəttə ki, bu, səbəbsiz deyil. Hər kəs çox yaxşı bilir ki, bu iki ölkə arasında olan münaqişə heç də Rusiya-Ukrayna müharibəsi timsalında, digər münaqişələrlə müqaisə belə edilən deyil. İstər Hindistanın, istərsə də Pakistanın mövcud potensialı bəllidir. Hazırda Hindistan-Pakistan münaqişəsi bütövlükdə dünya üçün nüvə müharibəsi təhlükəsi deməkdir.
Hindistan və Pakistanın qarşıdurması dünya üçün təhlükəlidir
Ukraynadakı hərbi əməliyyatlarla bağlı dünya mediasının marağı birdən-birə tamam başqa mövzu ilə əvəz olundu. Sözsüz ki, bu, heç də təsadüfi ola bilməzdi. İki nüvə dövləti, yəni, Hindistan və Pakistan arasında mümkün ola bilən, başlaya bilən müharibənin diqqəti cəlb etməyəcəyini təsəvvür belə etmək olmaz. Unutmaq lazım deyil ki, hər iki ölkənin hər birində təxminən yüz əlli döyüş başlığı var. Hər halda bu arada Jirinovskinin Hindistanla Pakistan arasında müharibə olacağını, nəticədə 200 milyon insanın öləcəyini, bir milyard insanın isə qaçqın vəziyyətinə düşəcəyini proqnozlaşdıran bir açıqlaması da yada düşür. Xüsusən də maraqlı odur ki, bu müharibənin başlanacağını proqnozlaşdıran təkcə Jirinovski deyildi. Məsələ burasındadır ki, məhz 2019-cu ildə Prinston Universiteti də 2025-ci ildə Hindistan hökumət rəsmilərinə hücumla böyük müharibənin başlayacağını bildirib.
Sadalananlar onu deməyə əsas verir ki, hələ öncədən belə dünyada müharibə riski ilə bağlı xəbərdarlıqlar və narahatlıqlar var. İstənilən halda nüvə müharibəsinin bütövlükdə dünya üçün təhlükəli olduğu təkzibedilməzdir. Yəqin ki, bunun nə dərəcədə təhlükəli olduğu hər kəsə bəllidir. Məhz nüvə silahının hansı fəlakətlərə, qlobal faciələrə gətirib çıxara bildiyini zənn edirik ki, bilməyən yoxdur. Hələ də Çernobıl qəzasının fəsadları yaşanırsa, hələ də ötən əsrin ortalarında olan Naqasaki və Hirasima faciəsinin dəhşəti yaddaşlardan silinməyibsə, deməli, bunun nə demək olduğu heç kim üçün müəmmalı deyil. Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə ABŞ aviasiyası tərəfindən atılan atom bombası bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğunun ilk və yeganə nümunəsi oldu və hələ də nüvə bəşəriyyətin ən təhlükəli silahı sayılır. Çünki nüvə silahı istifadə edilən zaman, o partlayan zaman hədsiz, yüksək dozada radiasiya əmələ gəlir və radiasiya da təksə insanlara yox, bütün canlılara-heyvanlara, bitkilərə belə mutasion bir təsir göstərir və təsadüfi deyil ki, Hiroşimo və Naqasakiyə atılan atom bombalarının indiyə qədər də fəsadları davam edir.
Xatırladaq ki, Hiroşimada olan partlayışın episentrinə yaxın olan şəxslər anındaca ölmüş və hətta onların bədənlərinin hissələrə ayrılaraq ətrafa dağılmışdır. Həmin vaxt havada uçan quşlar belə yanmış, işıq şüalanması paltarları belə yandıraraq, özünün “qara rəsmini” bədəndə həkk etmişdir. Partlayışın ardınca insan ancaq siluetləri divarda qalmışdır. Kənarda olan insanları belə işıq parıltısı kor etmişdir. Episentrin yaxınlığında olan hər şeyi partlayış dalğası dərhal yox etmiş, episentrdən 800 m məsafədə yerləşən 90 % insan bir neçə dəqiqədən sonra ölmüşdür. Partlayışdan ölənlərin sayı 70 mindən yuxarı, bəzi mənbələrə görə, 80 minə çatmışdır. Məsələ burasındadır ki, zərər çəkən təkcə partlayışa yaxın ərazilər sayılmır və partlayışın ardınca ölənlərin, xəstəliyə düçar olanların sayının durmadan artmağa başlaması faktı da məlumdur. Məlum olan həm də odur ki, radiasiya çirklənməsi adlandırılan fəsad doğulan uşaqların qüsurlu, şikəst doğulmasına gətirib çıxardı. Mutasiya dəyişikliyi belə hələ də davam edir və bütün dünya hələ də bu dəyişikliyin mənfi təsirlərinə məruz qalır. Hələ də bütün dünya həmin partlayışın acı nəticələrini müşahidə edir. Deməli, nüvə silahından istifadə edilməsinin bütün dünya üçün nə demək olduğu bəllidir. Bir halda ki, hər iki ölkənin nüvə silahı, 150 döyüş başlığı varsa, bu ölkələr bir-biri ilə müharibə şəraitindədirlərsə, deməli, Hindistan və Pakistanın qarşıdurması bütövlükdə, dünya üçün təhlükəlidir.
Münaqişə getdikcə güclənir, tərəflər bir-birini ittiham edir və hətta ara getdikcə daha da qızışmağa başlayır
Hər iki tərəf artıq qarşılıqlı ticarəti, viza verilməsini dayandırır, səfirliklərin sayını sıfıra endirir və bir-birinin təyyarələri üçün hava məkanını bağlayır. Bir sözlə, münaqişə getdikcə güclənir. Hindistan misli görünməmiş tədbirlərə əl atır, Pakistana axan Hind çayının qarşısını belə kəsməyə çalışır. “1960-cı il Hind-Pakistan Paktı dərhal və Pakistanın terrorizmi dəstəkləməkdən dönməz şəkildə imtina etdiyinə dair aydın təminat verənə qədər ləğv ediləcək”, deyə Hindistanın Xarici İşlər Naziri Vikram Misri bildirib. Sözsüz ki, bu, Hindistan tərəfinin möveyidir və heç də alqışlanılmır. Ələlxüsus da, Pakistana axan çayın qarşının kəsilməsi özü belə tammiqyaslı müharibə elan etmək deməkdir və heç də müsbət qarşılana bilməz.
Diqqətə çatdıraq ki, Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Şəfqat Əli Xan da su məsələsi ilə bağlı öz mövqeyini bildirib. “Su Pakistanın həyati milli maraqlarıdır, onun 240 milyonluq əhalisi üçün həyat xəttidir və onun mövcudluğu nəyin bahasına olursa olsun təmin ediləcək”, deyə bəyan edən XİN sözçüsü bununla öz etirazını, narazılığını bildirib. Haqlı olaraq, İslamabad Pakistanın terror aktında iştirakına dair sübut tələb edir. Məsələ burasındadır ki, Hindistan ancaq kəşfiyyat məlumatlarına istinad edir. Bununla isə Pakistan qətiyyən razılaşmır və öz ölkəsini haqlı hesab edir. Əslində, həqiqətən də sübut edilmədən ittiham etmək şər atmaqdan başqa bir şey sayılmaz. Elə məhz bu baxımdan da Pakistan haqlı olaraq tələblə çıxış edir.
Bəli, münaqişə getdikcə güclənir, tərəflər bir-birini itiham edir, hətta ara getdikcə daha da qızışmağa başlayır. “Artıq sərhəddə birbaşa Hindistan və Pakistan silahlı qüvvələri arasında döyüşlər gedir və təkcə sərhədçilər deyil, həm də silahlı qüvvələr arasında toqquşmalar var, lakin bütün bunlar daha çox kiçik silahlarla döyüşü xatırladır”, deyə hər iki tərəfin hərbi ekspertləri hələlik bu qənaətdədirlər. Deməli, artıq silahlı qarşıdurma etiraf edilir və çox güman ki, bununla yekunlaşana oxşamadığı da qeyd edilir. Maraqlıdır, bununla yekunlaşmayacağı qənaəti nədən xəbər verir? Görəsən, daha nələr gözlənilir? Yəni, həqiqətən də nüvə müharibəsi barədə proqnozlar düz çıxacaqmı?
Pakistan və Hindistan arasında nüvə müharibəsinin nəticələri nəyə aparıb çıxara bilər?
Qərb tədqiqatçıları artıq iki nüvə dövləti arasında gedən döyüşün dəhşətli mənzərəsini “təsvir” ediblər. Onlar müharibənin ilk günlərində Hindistan və Pakistanda silsilə zərbələrdən sonra 125 milyona qədər insanın öləcəyini proqnozlaşdırırlar. Hindistan artıq səmaya qırıcı təyyarələr göndərib, Pakistan isə qoşunlarını tam hazırlıq vəziyyətinə gətirib. “Onlar hücuma başlasalar və ya bu cür hərəkətlərə davam etsələr, ciddi şəkildə cavab veriləcək və aydındır ki, bu halda da tammiqyaslı müharibə olacaq”, deyə Pakistanın müdafiə naziri Havaca Məhəmməd Asif açıq şəkildə bildirib.
Bəli, söhbət iki nüvə dövlətindən və onlar arasında olan müharibədən gedir. Belə bir məqamda dünya narahat olmalı deyilmi? Əlbəttə ki, olmalıdır. Xatırladaq ki, Hindistan və Pakistan arasında sonuncu münaqişə 2019-cu ildə baş verib, bir neçə ay davam edib və Hindistanın Pakistandakı terrorçu bazalarına məhdud hava zərbələri endirməsindən sonra başa çatıb. Onu da diqqətə çatdıraq ki, İslamabad artıq məhz nüvə silahı ilə cavab verəcəyi ilə o zaman da hədələmişdi. Bəli, iyirmi il bundan əvvəl tərəflər tammiqyaslı hərbi münaqişə ərəfəsində idilər və o zaman qoşunlar bir bölgədə deyil, bütün sərhəd boyu yerləşdirilmişdilər. Belə bir zamanda tərəflər danışıqların nəticələrinə əsasən bəzi təhlükəli addımlardan çəkindirilmişdilər. “Gərginliyin ən təhlükəli vaxtı 2001-2002-ci illərdə olub və nüvə qarşıdurması elə o zaman da gözlənilirdi. Məsələ burasındadır ki, yalnız iki ölkə liderləri arasında aparılan danışıqlar hər iki tərəfi taktiki nüvə silahından istifadə etməkdən çəkindirdi”, deyə şərqşünas və tarix üzrə fəlsəfə doktoru Vladimir Sotnikov bildirib və belə məlum olur ki, çoxları bu qənaətdədirlər.
Nüvə silahından istifadə edilməsindən çəkindirilmək və ümumiyyətlə, belə bir qənaətdə olmaq heç də təsadüfi deyil. Ona görə ki, tərəflər özləri də yaxşı bilirlər ki, nüvə müharibəsi çox böyük itgilər deməkdir. Yaxşı bilirlər ki, bunun acı nəticələri hər iki dövlətə aid olacaq və ağrısını hər ikisi də çəkməli olacaq. Lakin, təkcə Hindistan, yaxud da, təkcə Pakistan çəkməyəcək axı bu müharibənin ağrısını. İki ölkə arasında olan nüvə müharibəsi baş tutarsa, bunun nəticələri ümumilikdə dünyamız üçün təhlükələr, faciələr vəd edir. Öncə də qeyd olunduğu kimi, nüvə silahı nəinki istifadə edildiyi zaman, hətta uzun bir müddət ərzində özünün davamlı olan fəsadları ilə fərqlənən silahdır. Nüvə müharibəsi olacağı təqdirdə kütləvi insan tələfatının olacağı, ətraf mühitdə radiasiya çirklənməsi, hətta zəhərlənmə hadisələrinin davamlı şəkildə müşahidə ediləcəyi danılmazdır. Bunu nəinki nəzəriyyəçilər deyillər, bunu təcrübi olaraq söyləmək də çətin deyil və qeyd olunduğu kimi Hiraşima və Naqasaki kimi bir hadisə, onun fəsadları heç kəs üçün sirr deyil. Deməli, nüvə müharibəsi olacağı təqdirdə nələrin baş verə biləcəyi elə indidən məlumdur…