Ən çox konklav təcrübəsi olan 5 kardinal seçici


Sikstin Kapellasında başlayan və 267-ci Roma Papasının seçilməsi üçün keçirilən konklavda (seçki) yaşı 80-dən aşağı və seçkiyə qatılmaq hüququ olan 133 kardinal səs verir. SİA xəbər verir ki, seçki prosesində mühüm təcrübəyə malik 5 kardinal seçici var. Yaşı 79 olan Sarayevonun keçmiş arxiyepiskopu Vinko Pulyiç 1994-cü ildə kardinal olub. O, təxminən 31 ildir kardınal seçicidir, iki konklavda iştirak edib: 2005-ci ildə XVI Benedikt seçilən konklav və 2013-cü ildə Papa Fransisk seçilən konklav.

Vinko Pulyiç budəfəki konklavda cəmi dörd ay fərqlə səs verə bilir. Sentyabrın 8-də onun 80 yaşı tamam olacaq və Papa seçmək hüququnu itirəcək. 76 yaşlı qanalı kardinal Peter Turkson 2009-2017-ci illərdə Pontifik Ədalət və Sülh Şurasının prezidenti olub. Papa Fransisk 2020-ci ildən etibarən onu İnteqral İnsan İnkişafının Təşviqi üzrə dikasteriyanın ilk prefekti təyin edib. O, 2022-ci ildən Papa Elmlər Akademiyasının və Pontifik Sosial Elmlər Akademiyasının rəhbəridir. Yaşı 76 olan kardinal Yosif Bozaniç Zaqrebin keçmiş arxiyepiskopu olub. O, xorvat kilsəsi və dövlət arasında dialoqda, ədalət və sülhün təşviqində xidmətlər göstərən görkəmli şəxsiyyətdir. Yosif Bozaniç uzun illər Xorvatiya Yepiskopları Konfransının prezidenti kimi də fəaliyyət göstərib. 74 yaşlı kardinal Filip Barbarin 2002-ci ildən 2020-ci ilədək Lyon arxiyepiskopu olub. O, Fransanın protektoratı olan Mərakeşin Rabat şəhərində anadan olub, Madaqaskarda missioner və ilahiyyat professoru kimi xidmət edib. Budapeşt arxiyepiskopu 72 yaşlı macar kardinal Peter Erdo illərdir Macarıstan və Avropa yepiskoplarının konfranslarına rəhbərlik edən kanonist və akademikdir. O, kanon hüququ və mənəviyyat sahələrində 250-dən çox tədqiqatın müəllifidir. 2005-ci və 2013-cü il konklavlarından əlavə o, bir sıra sinodlarda iştirak edib.

Dörd kardinal seçici – Peter Turkson, Yosif Bozaniç, Filip Barbarin və Peter Erdo 2003-cü ildə Kardinallar Kollegiyasına üzv olublar və bundan əvvəl iki konklavda iştirak ediblər.

Əlaqəli Xəbərlər