Taksi tapmag cetinlesib sebebi nedir?


“Son illərdə Bakı şəhərində taksi tapmaq əvvəlki illərlə müqayisədə daha da çətinləşib. Xüsusilə səhər və axşam pik saatlarında, eləcə də yağışlı və soyuq havalarda sərnişinlərin taksi axtarışında çətinlik çəkməsi adi hala çevrilib. Bu vəziyyətin bir neçə əsas səbəbi mövcuddur ki, onlar həm iqtisadi, həm sosial, həm də texnoloji amillərlə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, ilk növbədə, yanacaq qiymətlərinin artması sürücülərin gündəlik qazancına mənfi təsir göstərir. Avtomobilin saxlanılması, texniki xidməti və ehtiyat hissələrinin bahalaşması fonunda qazancın azalması bir çox sürücünü bu sahədən uzaqlaşdırıb: “Nəticədə taksi xidmətlərinin ümumi təklifi azalıb. Bundan əlavə, son dövrlərdə sürücü çatışmazlığı da müşahidə olunur. Pandemiya dövründə və ondan sonra bir çox sürücü işini dəyişib və ya ölkədən köçüb. Eyni zamanda, gənc nəslin bu sahəyə marağının azalması, bu peşənin daha az cazibədar görünməsi ilə əlaqədardır. Bu isə taksi xidmətlərinin dayanıqlığına mənfi təsir göstərir.

Bakı şəhərində taksi xidmətlərinə olan tələbatın artmasına baxmayaraq, xidmətin keyfiyyəti və əlçatanlığı eyni templə inkişaf etmir. Son illərdə fəaliyyət göstərən Bolt, Uber, Yango kimi taksi sifarişi tətbiqləri əvvəlcə bu boşluğu qismən doldursa da, artıq bu platformalarda da sürücü sayı kifayət qədər deyil. Komissiya faizlərinin yüksək olması və platformaların müəyyən qaydaları bəzi sürücüləri bu sistemlərdən uzaqlaşdırır. Bu isə sərnişinlər üçün həm qiymət artımı, həm də uzun gözləmə müddətləri ilə nəticələnir. Avtomobil bazarında baş verən qiymət artımları da bu məsələdə mühüm rol oynayır. Yeni və ikinci əl avtomobillərin bahalaşması sürücülərin yeni avtomobil almasını çətinləşdirir. Mövcud avtomobillərin köhnəlməsi isə xidmətin keyfiyyətinə təsir edir.

Bundan əlavə, son illərdə taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı müəyyən islahatlar aparılır. Lisenziyalaşdırma, texniki tələblər və digər rəsmi prosedurlar bəzi sürücülərin fəaliyyətini qeyri-rəsmi saxlamasına və ya ümumiyyətlə bu sektordan uzaqlaşmasına səbəb olur. Beləliklə, bazarda rəsmi fəaliyyət göstərən taksi sayı azalır.

Nəhayət, pik saatlarda və yüksək tələbat dövrlərində taksi tapmaq xüsusilə çətinləşir. Yollarda tıxacların çox olması taksilərin çevikliyini azaldır, eyni avtomobil daha az sərnişin daşıya bilir və nəticədə mövcud taksilər kifayət etmir.

Bütün bu amillər birlikdə Bakı şəhərində taksi xidmətlərinə çıxışın çətinləşməsinə səbəb olub. Problemin həlli üçün həm sürücülər üçün daha əlverişli şərtlərin yaradılması, həm də nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və taksi sektorunun rəqabətli şəkildə inkişaf etdirilməsi vacibdir.

Əlaqəli Xəbərlər