İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Ciorcia Meloni Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonu təbrik ediblər. SİA xəbər verir ki, Sercio Mattarella Papa XIV Leoya ünvanlandığı məktubda İtaliya xalqı adından pontifikatın uzun və məhsuldar olmasını arzulayıb. İtaliya Prezidenti hər bir insanın Papa XIV Leonun duasından və mehriban yaxınlığından məhrum qalmayacağına əminliyini ifadə edib.
O qeyd edib ki, dünyanın çox hissəsinin qeyri-insani münaqişələrlə sarsıldığı və günahsız insanların bu vəhşiliyin ən ağır nəticələrinə məruz qaldığı bu tarixi məqamda bütün insanlar üçün toxunulmaz hüquqların, ləyaqət və azadlığın təminatı əsasında sülhə əsaslanan dünya və xalqlar arasında birgəyaşayış baxışını təşviq etmək üçün İtaliya Müqəddəs Taxt-Tac ilə daha da möhkəm əlaqələr qurmağa sadiq qalacaq.
Baş nazir Ciorcia Meloni də Papa XIV Leoya göndərdiyi məktubda ona İtaliya hökuməti adından təbriklərini çatdırıb. Bildirib ki, İtaliya və Avropa sivilizasiyaları insanın mərkəzdə, həyatın müqəddəs, insanların azad və bərabər ləyaqətə malik olduğu, dövlət və kilsənin fərqli, lakin bir-birinə hörmət etdiyi və birlikdə böyüdüyü bir dünya təsəvvür etməyə imkan verən sintezdir. İtaliyalılar Tanrının kəlamından gələn tükənməz sevgi, mərhəmət və ümid mesajından qaynaqlanan mənəvi və əxlaqi hakimiyyəti tanıyaraq bir bələdçi və istinad nöqtəsi kimi Papa və kilsəyə baxacaqlar.
Xatırladaq ki, ABŞ-dan olan 69 yaşlı kardinal Robert Fransisk Prevo Vatikanda keçirilən konklavın (seçki) ikinci günündə – mayın 8-də üçüncü səsvermə nəticəsində yeni – 267-ci Papa seçilib.