güclü gənclik, güclü Vətən” adlı tədbir təşkil edilib


“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən müstəqil Azərbaycan dövlətinin banisi, müdrik dövlət xadimi və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər təşkil edilib. SİA xəbər verir ki, təşkilatdan bildirilib ki, tədbirlər gənclərin vətənə məhəbbət, tarixi keçmişimizə hörmət və ehtiram ruhunda tərbiyə olunması, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin dərindən mənimsənilməsi, şərəfli və mənalı ömür yolunun, zəngin dövlətçilik təcrübəsinin və misilsiz xidmətlərinin öyrənilməsi məqsədilə keçirilib.

Təşkilatın idarə heyətinin üzvləri, Vətən müharibəsi qaziləri və gənclər Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, müasir Azərbaycanın qurucusunun əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər.

Silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş “Ulu Öndərin yolunda: Güclü gənclik, güclü Vətən” adlı tədbir keçirilib.

Tədbirdə Milli Məclisinin deputatı Ceyhun Məmmədov, Gənclər Fondunun şöbə müdiri Pərviz Mirələmli, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, ADA Universitetinin tarix müəllimi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Nərminə Hüseynzadə, AMEA-nın böyük elmi işçisi və tədqiqatçı Gülanə Əliyeva əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti və Ulu Öndərin gənclərə qayğısı haqqında çıxış ediblər. Vurğulanıb ki, müasir Azərbaycan bilavasitə Ulu Öndər Heydər Əliyevin ideallarının və amalının nəticəsidir. Ömrünü Vətənə və xalqa xidmətə həsr edən dahi şəxsiyyətin inamla həyata keçirdiyi siyasətin əsasında Qarabağ problemini həll edərək torpaqlarımızı işğaldan azad etmək və yurdlarından zorla didərgin salınan həmvətənlərimizin öz ata-baba torpaqlarına qayıdışını təmin etmək, Azərbaycanı güclü dövlət kimi formalaşdırmaq idi.

Bildirilib ki, məhz bu siyasət onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, döyüş meydanında tarixi Zəfər çalaraq işğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdış etməyimizə səbəb oldu.

Tədbirlər çərçivəsində Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib. Ekskursiyada iştirak edən gənclər Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə yaxından tanış olub və burada nümayiş edilən, Ümummilli Liderin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar haqqında ətraflı məlumat əldə ediblər.

Qeyd olunub ki, Azərbaycan xalqının xilaskarı, dahi şəxsiyyət və böyük insan, XX əsrin görkəmli dünya siyasətçiləri arasında təkrarsız yeri olan Heydər Əliyevin tarixi obrazı xalqımızın yaddaşında və qəlbində əbədi olaraq yaşayacaq.

Tədbirlər proqramı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilib.

Əlaqəli Xəbərlər